Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin TRIPP layihəsi ilə bağlı açıqlamasında "üçüncü tərəfdaşlar"a istinad edilməsinə aydınlıq gətirib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə estoniyalı həmkarı ilə birgə mətbuat konfransında söhbət açıb.
Mirzoyan bildirib ki, qlobal hadisələrin əlverişsiz olmasına baxmayaraq, layihə üzərində işlər davam edir. Nazirin sözlərinə görə, hazırda lazımi sənədlərin hazırlanması və təsdiqlənməsi prosesi gedir və tərəflər müxtəlif məsələlər üzrə öz mövqeləri barədə daim məlumat mübadiləsi aparırlar.
"Ümid edirik ki, tikinti işlərinə mümkün qədər tez başlayaq. Burada üçüncü ölkələrə də ehtiyacımız olacaq. Ermənistan və ABŞ arasında razılaşma ikitərəflidir. Lakin tikinti mərhələsində üçüncü ölkələrin, ehtimal ki, sistemin idarə olunması məsələlərində də iştirakı zəruri olacaq", - deyə xarici işlər naziri izah edib.