AZ

Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır... Azad Yaşarın şeirləri

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Bu gün şair, tərcüməçi Azad Yaşarın doğum günüdür.

Kulis.az müəllifi yubiley yaşı münasibətilə təbrik edir və onun şeirlərini təqdim edir.

1961-ci il aprelin 10-da Bakı şəhərində anadan olub. Əli Bayramlıdakı (hazırda Şirvan) 2 saylı məktəbdə orta təhsil alıb. İlk mətbu əsəri 1980-ci ildə “İnşaatçı” qəzetində işıq üzü görən “Gözlərimin günahı” şeiridir. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirdikdən sonra Əli Bayramlıdakı müxtəlif təşkilatlarda memar, dizayn qrupunun rəhbəri, şəhərin baş memarı və baş rəssamı vəzifələrində işləyib. 1991-ci ildə müstəqil Azərbaycanda ilk ədəbi qrup sayılan “BACA”nın 3 yaradıcısından biri olub.

1993-2001-ci illərdə Rusiyada fəaliyyət göstərən “İDİL” türk inşaat şirkətində memar və müdir müavini vəzifələrində çalışıb. Vətənə döndükdən sonra bədii yaradıcılıqla daha ciddi şəkildə məşğul olub. 2001-ci ildə ədəbi prosesi canlandırmaq məqsədiylə həmfikirləriylə Azad Yazarlar Ocağının (AYO) təsis edib və “Alatoran” qəzetinin 2 daimi yazarından biri olub. 2002-2004-cü illərdə “Space” telekanalında redaktor, 2004-2016-cı illərdə isə DSMF-nin mətbu orqanı “Pensiyaçı" qəzetində Baş redaktor, sonra ƏƏSMN-nin “Sosial həyat” jurnalında məsul katib vəzifələrində çalışıb.

Sonrakı dövrdə əsasən sərbəst yaradıcılıqla məşğul olub, yerli nəşriyyatlarla tərcüməçi və redaktor kimi əməkdaşlıq edib. 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. 2022-ci ilin oktyabrında isə AYB-nin XIII qurultayında Birliyin İdarə Heyətinə üzv seçilib. 2024-cü ildən “Azərbaycan” jurnalında Tərcümə şöbəsinin müdiri vəzifəsində işləyir. Şeir və rəsmlərinin bir arada toplandığı “Hamı və Heç kim” (2003) və “Konsept” (2016), habelə irfan hikmətləri barədə “Bu da keçər” (2015) adlı kitabları Bakıda çap olunub. “Gözlüğün uykusu” adlı şeirlər kitabı isə 2019-cu ildə İstanbulda işıq üzü görüb.

Bədii əsərləri indiyədək 12 xarici dilə çevrilərək, ədəbi antologiya, jurnal, qəzet və saytlarda dərc olunub. Dünya ədəbiyyatını təmsil edən 900-dən çox yazarın ən müxtəlif janrlardakı (şeir, nəsr, dram, esse, nəzəri) əsərlərini ana dilimizə çevirərək, onların təbliğinə nail olub. Rəsm və xəttatlıq işlərinin müəllifi kimi 3 respublika sərgisində iştirak edibdir. Yazıb-çevirdiyi 20-dən çox kitabı öz vəsaiti ilə çap etdirməklə, naşirlik fəaliyyəti ilə də tanınır.

Hamı və Heç kim

Bütün günü

nə qədər adam sordu kefimi

ağızucu cavab verdim "yaxşıyam" deyə.

…Heç kim görmədi başımdan qalxan tüstünü.

Heç kim bilmədi ki necəyəm.

Həndəsi edam

Şair dostum İsmayıl Bayramoğluna

Şaquli bir müstəvi –

yəni polad gilyotina bıçağı –

ona perpendikulyar yerləşən müstəvini,

yəni bədənimi,

boğaz nahiyəsində kəsdiyi zaman

bir alma misalı diyirlənəcək kürə –

başım olacaq.

Mənim sonum

Övladı olmayanlara "sonsuz" deyirlər

Mənim sonumdur sənin əvvəlin

sən mənim sonumsan –

mən sənin əvvəlindim.

Mənim sonum,

səni düşünürəm

məndən başlayan sonu düşünürəm.

Tək səndə deyil

süzdüyüm göylərdə, yaşadığım mövsümlərdədir,

oxşadığım çiçəklərdə,

yazdığım şerlərdə, çəkdiyim rəsmlərdədir

mənim davamım, mənim sonum.

Hər kəs sonunu tapınca axtarır,

axtarır,

özünü axtarır hər şeydə -

hər kəs tapmasa da.

Mənim balam, mənim sonum,

uzat sonumu,

sonunu,

sonumuzu,

uzat, gözümün işığı,

dünyanın son duracağına qədər,

yaşat könlümüzün odunu, gözümüzün işığını.

Sən mənim təskinliyimsən, mənim sonum.

Yaxşı ki, sən varsan

yaxşı ki, sonsuz deyiləm

yaxşı ki sonum var –

bəlkə də belə yaxşıdır.

Varlığın üç şərti

Statistika nəyi, necə və nə üçün hesabladığını

daha yaxşı bilir,

amma

xəstəliklər, qəzalar və bəlalardan daha çox

adamlar

həddini və yerini bilməməzlikdən

itirir canını, yəni ölür.

Yazıya pozunun olmaması da

bunun üçüncü şərtidir.

Qarşıdakı ümidsizlik

Verəcəyim sədəqəylə

yolun qırağında, oturduğu yerdəcə mürgüləyən

və hər şeydən əlini üzən dilənçini

ona boy verməyən bu yoxsulluqdan

qurtarmayacağımı bildiyimdən

əlimdəki qəpik-quruşu

onu oyatmağa dəymədiyi üçün

səssizcə

əski mis qaba qoyuram.

Təbəssüm missiyası

Təbəssümümü öldürmək istəyənləri

elə təbəssümümlə də

“öldürmək” istərdim

mən.

Payızda ağaclar

Yarpaq-yarpaq soyunur ağaclar

yarpaq-yarpaq ağlayır ağaclar...

Yarpaq göz yaşına bənzər,

süzülən damlaya bənzər üzülən yarpaq.

Sapsarı göz yaşlarıyla ağlayır ağaclar,

sakitcə ağlayırlar,

günahsız yerə döyülən uşaqlar kimi,

için-için.

Torpağa, ürəklərinə axıdırlar göz yaşlarını,

bilirlər – olacağa çarə yox,

dərdli-dərdli ağlayırlar.

İnsana bənzəyirlər ağaclar

ağlayanda da,

güləndə də…

Kədər dağları

Dağlara qar yağıb.

Dağlar uyuyur qar altında.

İstidə.

Onlardan qat-qat ucadır

sinə dağlarım –

nə qədər qar yağa örtməz.

Sinəmə çəkilənlər

adi dağ deyil –

qar altda yatmaz.

Soyuqdan donacaqlar zavallılar!

Qrafik şer

Təmiz qar.

Bəyaz qar.

Gözünün qarasını ağardacaq qədər bəyaz qar.

Sağır zülmət.

Kor zülmət.

Gözünün ağını qaraldacaq qədər qara zülmət.

Gözlərin – qarlı bir gecə.

Mən – ... zülmətdə günlərlə yol arayan

zavallı yolçu.

Suiqəsd

Orada

otağın küncündə

köhnə kresloda oturan və

bərəlmiş gözlərini tavana zilləyən adam

gözlərini tavandan ayıra bilməyən adam

baxışlarından asıb özünü

tavandan asıb özünü

asıb özünü

asıb

Zülmətdən işığa keçid

Qaranlıqda yazdığım şeir

əl havasına yazdığım şeir

ağ qoçla qara qoçun davasına

yazdığım şeir

fikrimin işığında yazıram səni.

İşıqda yazıram səni.

Birinci ağlıma gələn

İndi də

harada və neçə yaşımda oluramsa-olum,

“qaranquşun qarğışı yerdə qalmaz”

deyimini eşidəndə

uşaq ikən

binamızın girişindəki

qaranquş yuvasını bilərəkdən dağıtdığım zaman

quşların qopardığı haray-həşir

və bundan düz üç gün sonra

sevimli nənəmin dünyadan köçdüyü olur

birinci ağlıma gələn.

Məhşər intizarında

Beynim itkin misralar

ağ kağızın işığına çıxara bilmədiyim

qərib fikirlər məzarlığıdır.

İntizarla

bir Məhşər gününü gözləyirəm.

Tənhalığın sonu

Dəniz də tək idi,

sahil də,

dənizin sahilindəki insan da.

“Yığışaq” dedilər "ulduz-ulduz göyün altına".

Görüşdülər.

İsinişdilər.

Sevişdilər.

İndi dənizin sahili,

sahilin insanı vardı,

insanınsa həm dənizi,

həm də sahili.

Elə bəxtiyardılar ki...

Onların sevdasına

ulduzlar göydə öpüşürdü dodaq-dodağa,

yarpaqlar... yerdə

və dilim-dilim işıqda yuyunurdu sular.

Daşın öz dilində

Hər gün salam verirəm,

dinməzcə keçir.

Bu gün vermədim,

qayıtdı ki:

– Adam-zad saymırsan, nədir?!

– Səni adam sayıb da yanıldığım yetər.

Daşa daş dilində salam verərlər –

S Ü K U T L A ! – dedim.

Əllərim

Əllərim

ağlı, qaralı, sarılı bütün əllərə bənzər

insanlığın dünənini,

bu gününü yaşadığına.

Əllərim

özümünkülərə bənzər

ən çox –

ömrümün dünənini, bu gününü

mənimlə ortaq daşıdığına.

Adam bu kimsəsizlikdə

Adam bu kimsəsizlikdə ölə bilər

bu qaranlıqda...

hələ pərdələr çəkilidirsə,

üstəlik, qapı da kilidlənibsə arxadan,

qonşular səsini duyacaq qədər

yaxında deyilsə,

kölgələr qaynaşırsa divarda

ürək

əldən düşər bu kimsəsizlikdə,

yatar

bir daha oyanmadan…

Adam bir kimsəyə tapşıra bilməz

gözünü göynədən acını,

yarımçıq mahnısını

və bir də

bir də… sevdasını.

Adam canını belə tapşırammaz

bu kimsəsizliyə

bu qaranlıqda.

Tapşırammaz işığı zülmətə.

Tapşırammaz.

Qocalanda deyəcəklərim

Bir vaxtlarım vardı –

qəzəblənəndə dişlərim oyulurdu,

mən də danışırdım, gülürdüm,

həsrətsiz,

acısız şeirlər yazırdım,

yuxular görürdüm sevda dolusu,

iynənin gözündən keçirirdim sapı…

Bir vaxtlarım vardı –

çağırsam – dönməz,

dönsə – elə yaşayammaram,

zaman həmin zaman deyil.

Bir vaxtlarım vardı

sanki bayaq ötdü.

Bir vaxtlarım vardı –

öldü!!!

İndi danışıb-gülməsin,

sevda şeirləri yazmasın –

ölənlərə yasaqdır axı bunlar.

Bir vaxtlarım vardı

bütün itirdiklərimiz kimi əziz –

tapılsa, göz üstə qoyulası...

sanki bayaq ötdü

(öləsən, canım,

lap nağıl kimi danışıram).

Bir vaxtlarım vardı –

yorulmaram haqqında danışmaqdan.

Hind bütü

Hamar, geniş alnı – durğun bir gölün aynasıdır.

Alnındakı xal – Üçüncü, yəni AĞIL GÖZÜdür.

Düz biçimli burnu – Ruhundakı tarazlığa işarədir.

Yumulu gözləri hər şeyin ardını görür.

hər qıpırtını eşidən palaz qulaqları

az qala çiyninə qədər düşüb.

Susmaqdan ətli dodaqları az qala bitişib.

Qurduğu bu bardaş pozasındaca yola salıb O

yüz illəri və nəsilləri.

Bir də ki

Hər Şeyi bilirsə

və duyduqlarını paylaşacaq Bir Kimsə yoxsa -

Susmaq – Sonuncu Çarə deyilmi?!

Dost bildiklərimiz

Dünyanın bu qarışıq vaxtında,

dostlar –

artıq işimiz düşən

və bizdən işi keçən adamlardan ibarətdir

daha çox.

Yerdə qalan məqamlar isə

işin

texniki özəllikləri də sayıla bilər:

yəni

xahişlərin sinusoid üzrə təkrarlanma tezliyi,

xoş impulslar,

gözlənilən fayda,

eyni yüklü cərəyanların qarşılıqlı cazibəsi

və sair və ilaxır

Söz dueli

(daxili dialoq)

Birinci səs:

“Bu Ağa-Qul dünyasının eşiyində

sən ad seçdin -

Azad YAŞAR.

Ötkəmsənsə, indi buyur

ömür boyu

ADINDAKI İŞİ başar”.

İkinci səs:

“Yahu, bunu başarsam kimə nə

və heç başarmasam belə

ondan

yenə kimə nə?!”

Qırx yaş

Bu yaşda

yenidən,

başqa türlü yaşamağa başlamaq

gec olduğu qədər

başladığımız işləri bitirmədən ölmək də

tezdir.

Ağılla Ürəyin söhbəti

AĞIL:

“Sənin arzuların imkana sığmır”.

ÜRƏK:

“İmkana sığana "arzu" deyilməz.

Arzu – fikir deyil,

sərhədə baxmır.

Bu fərqi ağıllar... anlaya bilməz”.

İkinci ömürdən imtina

Deyirəm mənalı ötüşsün

ömrümün

ayları,

illəri,

günləri…

Bir möhləti puç edənlərə

təkrar

ömür paylansa bir gün –

özümünkünü

almayım geri.

Ağac

Meyvəsini verdiyi insan

kölgəsini verdiyi insan

balta çalıb kökünə...

Yıxılıb,

böyrü üstə qalıb ağac.

Vermək istədiyi,

verə bilmədiyi

"niyə" sualı kimi

qıvrılıb,

qovrulub,

qanrılıb ağac.

Baltada…

dəmirbaşlı qardaşını tanıyıb ağac!

Xəyanətdən qıc olub, quruyub ağac.

Belə danışıb gülməyimə baxmayın

Belə danışıb gülməyimə baxmayın...

siz məni axşamüstüləri

uşaq kimi evimiz üçün

anamın üzü, atamın səsindən ötrü

köyrələndə görün –

tanımazsınız məni, tanımazsınız, vallah

(amma özümə nə qədər bənzəyirəm onda).

Baxmayın belə gülüb-danışdığıma...

deyirlər, hər şeyi bilir –

amma bəlkə Allah da bilməz –

bu qəriblikdə nələr çəkdiyimi...

Gördüyünüz hələ mən deyiləm...

Çox görməyin danışıb-gülməyimi mənə –

bilməzsiniz hər halda

necə çətin olur...

ağlamalı ikən gülmək.

Şüşə

Şüşə soyuq gözlərlə mənə baxır.

Yaxınlaşıram –

ilıq nəfəsim oxşayır onu,

toxunuram –

puçur-puçur tərləyir xəcalətdən,

bayaq mənə

soyuq yanaşdığı üçün.

Sirr

Qonşuda bir uşaq doğuldu.

Ölü.

Eşidənlər, bilənlər,

gələnlər, gedənlər oldu

hamı hüzünlü, yaslı.

Ağladılar da.

Amma bu dəfə

kimsə deyə bilmədi

"yaxşı", yoxsa "pis" adam olduğunu ölənin –

nə gerçəkdən, nə də yalandan.

Heç kəs tanıya bilməmişdi onu,

adı belə qoyulmamışdı.

Olmamış... ölmüşdü bu insan –

dünyaya sirr gəlib,

sirr də getmişdi.

Saatlar

Başımın üstündə saat.

Gözümün önündə saat.

Qolumda saat.

Səs-səsə verib

bir-birinə ayaq uydurub

nəsə oxuyurlar.

Dayan, dayan…

ömrün köç mahnısıdır deyəsən

ya da şirin nağıl.

Bəlkə də bu anın hökmü.

İndi bacarırsan, gəl, ayır!

Hər nədirsə,

lal-mat qulaq verməkdən özgə

çarəm qalmayır.

Ölümdən sonra yazılan şeir

İndi yuxu kimi gəlir mənə:

içimdən başladı deyəsən,

ən əvvəl yaddaşım daşlaşdı,

yaddaşım dondu.

Sonra isə

artıq xatırlamırdım özümü belə,

üzümü belə.

Kəpənək

Pürrəng çayın rənginə aldandı

yəqin çiçək sandı,

qovdum, gedib bir az dolandı,

yenə döndü, mən deyən doğrunu dandı,

özü bilənə getdi, bildiyi – yalandı...

Gecikdim qovmağa, Allah, amandı –

qondu,

yandı,

qandı!

Kəpənək ki kəpənək!

Lap adamlar kimi nadandı!

Çiçəklərlə nəzakətli davranış qaydası

Çiçəkləri bəlkə də dərməməli,

eləcə budağında qoxlamalıyıq.

Bunun üçün

biz onlara sarı əyilməli,

deməli, onlara baş əyməliyik,

onlarsa

– qarşılıq olsun deyə –

ətirlərini

əsirgəməməlidirlər bizdən.

Hər şey eynilə

göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır –

yəni əl dodaqlara deyil,

dodaqlar ələ sarı yönəlir –

ÖPƏN

ÖPÜLƏNİN ayağına gəlir.

Avtomobil qəzası

Bir tərəfdə – sərxoş sürücü,

digər tərəfdə – dörd nəfərlik ailə.

Hamısı ölü.

Bir yanda xıncım-xıncım əzilmiş iki maşın,

o biri yanda – yıxılmış iki ev, iki tifaq.

Bir yolu könüllü bölüşə bilmədikləri üçün

bir ölümü paylaşıblar məcburən.

Az əvvəl

gicgahlarında atan al qırmızı,

isti qan

indi tökülüb qara, soyuq asfaltın sinəsinə.

Bayaqdan yarışdıqları o dəli küləklər

“bizi ötənin min qanadı gərək” deyə

indi təskinlik verirlər onlara,

saçlarına sığal çəkərək.

Saatlarının əqrəbləri

irəli getsə belə,

artıq onlar nə göstərə bilər ki,

keçmişdən başqa?!

Diri ikən dinlədikləri kaset

hələ də bitməyib:

bir oynaq hava yayılır ətrafa,

sözləri də tərs kimi kefdən, səfadan.

Diqqətlə ətrafa baxanda,

nəinki sevinən şeytanın rəqsini görər,

hətta dəli qəhqəhələrini belə eşidərsən

bu həndəvərdə.

Torpağın yuxusuymuşuq

(meditasiya)

Torpaq uyuyurmuş hamımızda.

Torpaqdan yoğrulubmuşuq, demə.

Torpağın yuxusuymuşuq, demə.

Hamımızı görəcəkmiş torpaq,

qara torpaq örtəcəkmiş ağ üzümüzü,

hamımızı görəcəkmiş,

hamımıza çatacaqmış

hamımıza çatacaqmış növbə.

Torpağın yuxusuymuşuq, demə

başqa da heç nə…

Yaşam nəğməsi

Yaşamın sonu ölümdür.

Hamı

bunu bilərək yaşayır.

Elə isə niyə yaşayır –

bir halda ki yaşamın sonu ölümdür?!

Nəğmənin sonu sükutdur.

Bunu hamı bilir

və hər kəs öz nəğməsini oxuyur

kimi kədərli, kimi şən.

Elə isə niyə oxuyur –

bir halda ki… Yox!Nə olsun nəğmənin sonu sükutdur?!

Nə olsun yaşamın sonu ölümdür ?!

Hələ ki sağıq,

gəlin, yaşam nəğməsini oxuyalım

ölümə qarşı,

sükuta qarşı!

Pantomimik şikayət

Kor

və Sağır DİVARın

sükutla dediklərini

anlada bilməz bəlkə də

Gözü – pəncərəsi,

Dili – qapısı olan divarlar…

Yerini bilmədiyimiz vətən

Bu qədər də

dar düşüncəli olmayaq, gəlin:

axı VƏTƏN –

RUHumuzun AZAD olduğu YERdir.

Xəmirimizin yoğrulduğu,

doğulduğumuz bir dağ kəndi və ya şəhər,

çörəyini yeyib, suyunu içdiyimiz,

uğrunda yaşadığımız, öldüyümüz

və bir gün də

maddilikdən qopub,

sonsuz maviliklərə millənəndə

ömür külümüzün harayasa sovrulduğu bir yer... deyil.

Ümidsizlik zülməti

Bir zəif ümid

qala divarı tək qalın,

keçilməz qaranlıqda

gülümsəyən zəncinin dişləri kimi

işardı

və həmişəlik... yox oldu.

Həyat

Ondan:

“ölüm qədər də vəfalı deyil,

izləməz kölgə kimi qarabaqara bizi”

deyə küsməyin.

Onun işi –

çırtlamaqdır hər an

tumurcuq tək içimizdə,

ayaqlar altda sürünmək deyil.

Paradoks

Yolun sonu mənzildir

yarıda qırılmasa.

Yaşamın sonu ölümdür

harada qırılsa.

Qəribə qoxusu var pulların “Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin”.

Jül Renar

Qəribə qoxusu var pulların.

Bilmirsən tər qoxusudur onlara qarışan,

yoxsa...

Axı hələ də zəhmətin ölçüsüdür pullar,

fərq etməz –

əli qabarlı işçinin alın təri,

ya dizləri əsən oğrunun kürəyindən

gedən soyuq tər,

qorxu təri...

Bilmirsən qan qoxusudur onlara hopan,

yoxsa...

Axı hələ də onlarla batırılır qanlar

(keçmişdə qanla yuyulsa da),

alınır, satılır canlı insanlar.

Gözünüzü döyməyin –

“qan pulu” sözünü eşitməmisiniz yoxsa?!

Bilmirsən kir qoxusudur onlara hopan,

yoxsa...

Axı, pullar əl çirkidir həm də,

lap dünən kəsilsə də.

Pullar var əski kimi –

sürtüldüyündən,

üzü üzlər gördüyündən.

Pullar var əskidən də betər –

boğulmaqda olan haqqın ağzına dürtüldüyündən!

Pullar var şamşax – dik qoy,

adamdan yaxşı gəzsin, yerisin,

getsin, gətirsin,

dilə dilədiyini –

bir su içim saatda yetirsin,

xoşuna gəlməyənləri

lap aradan götürsün,

nə fərqi varmış canlı, ya cansız...

Nə qədər üzü pis olsa da,

insanın bu ucuz vaxtında

xoşbəxtlik hələ ki puldadır həm də.

Odur ki, pul kisənizin ağzını açıb

yoldan ötənə paylamayın –

hələ üstəlik taleyiniz sınıqsa,

tavanınızdan damırsa,

ümidləriniz corabınız kimi yamaq-yamaqsa,

çaşıb küyə gedərsiniz ha,

bilməyənlər qoy bilsin –

çox baməzə kişi olub

Jül Renar.

“İlk”lərin müəllifi olan rejissor - Onun hansı filmi ümumittifaq efirinə çıxmışdı?

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
kulis.az

1Mənbələr