AZ

İçərişəhər ərazisində Qala divarının dağılan hissəsi necə bərpa olunmalıdır? - Memardan AÇIQLAMA

“İçərişəhər ərazisində Qala divarı tarixi memarlıq abidəsidir. Hazırda Qala divarlarının bir hissəsində qismən dağılmaya görə təcili yenidənqurma işlərinə başlayıblar. Yadımdadır ki, təxminən, 14-15 il əvvəl Qala divarlarının bərpa prosesi başlayanda tanınmış memarlarımız orada idilər. Allah rəhmət eləsin, Fəxrəddin Miralayev, tarixçilər, bərpaçılar... “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mütəxəssisləri bir yerə yığmışdı, rəyləri soruşurdu, mən də orada idim, bərpa layihələri ilə bağlı konsilliuma cəlb olunmuşdum.  Yağış sularını kənarlaşdırmaq məqsədilə aşağı səthdə suyu xaric etmək üçün nov sistemi nəzərdə tutulmuşdu. Yəni layihədə bunun olması müzakirə edilirdi. Bunu edib-etmədikləri isə ayrıca məsələdir. Bərpa zamanı bəzi tökülən daşlar illər əvvəl dəyişdirilmişdi. Amma Qalanın öz daşları da var. 200-300 yaşı olan daş elementləri mövcuddur. Bu, divarın konstruksiyasını təşkil edən elementlərdir. Üst səthə düşən hissənin hamısı mütəxəssis nəzarəti altında nörmələnmələdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış memar Abdul Hüseynov deyib.

 

Memar bildirib ki, layihədə daşların hansı üsul və materiallarla bərpa olunacağı göstərilməlidir: “Mövcud vəziyyəti isə görürük. Qala divarlarını indi bu formada bağlamaq olmaz. Yuxarı səthi yağış sularının zədələməməsi üçün konservasiya etmək lazımdır. Layihə olmadan bunun nə formada təşkil olunacağını bilmirik. Bu layihə iki-üç günə başa gələn proses deyil, ən azı bir həftə, on gün çəkə bilər. Bundan sonra Qala divarları tarixi abidə kimi bərpa olunmalıdır. Məsələ təkcə yağış deyil. Titrəmələr, desibeli çox olan musiqi də divarlara təsir edə bilər. Halbuki bayramlarda musiqi elə səslə qoşulur ki, sanki İçərişəhər deyil, hansısa restorandır. Bu, qoruqdur, onun öz rejimi var. Vaxtilə İçərişəhərin əvvəki rəhbərliyinə bildirmişdik ki, siqnalların az verilməsi, maşınların küçələrdə aşağı sürətdə - 20-30 km/sürət həddində keçməsi ilə bağlı məhduddiyyət qoyulsun. Çünki qoruq ərazisidir, belə şeylər tarixi binalara təsir edə bilər. İndi qaydalar nə formada icra olunur, deyə bilmərəm, amma görürəm ki, problemlər var. Yağış sularının kənarlaşdırılması üçün müxtəlif metodikalar mövcuddur. Suyun kənarlaşdırılması məsələsi, yəqin ki, həll olunmamışdı. Qala divarların yuxarı hissəsində su yığıldığına görə belə bir erroziya baş verib. Müəyyən dərəcədə gözlənilən idi”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Aprel 2026, 15:11   
Seçilən
12
pravda.az

1Mənbələr