AZ

İranın “qələbə” iddiaları reallığı əks etdirmir

Yaxın Şərqdə baş verən son qarşıdurmalar və əldə olunan atəşkəsin detalları ilə bağlı müzakirələr davam edir. Ekspertlər tərəflərin qalib kimi təqdim olunması məsələsinə fərqli yanaşmalar sərgiləyir.

Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, İran müharibədən sonra özünü qalib kimi təqdim etməyə çalışır və bunu daxili auditoriyaya yönəlik mesajlarla əsaslandırır. 

 Onun sözlərinə görə, Tehran tərəfindən irəli sürülən 10 bəndlik tələblər paketi də bu kontekstdə ictimaiyyətə təqdim olunur.

Ekspert qeyd edib ki, həmin tələblər arasında qarşı tərəfin təslim olması ilə bağlı müddəalar da yer alır. Lakin Qasımovun fikrincə, reallıq bu iddialardan fərqlidir və atəşkəsin şərtləri İranın təqdim etdiyi kimi obyektiv mənzərəni əks etdirmir.

O vurğulayıb ki, atəşkəsin əldə olunması ABŞ tərəfindən İranın enerji obyektlərinə mümkün zərbələrlə bağlı xəbərdarlıqlar fonunda baş verib. Bu isə müəyyən mənada geri çəkilən tərəfin İran olduğunu göstərir.

Politoloq əlavə edib ki, İranın 10 bəndlik təklifləri əslində ABŞ tərəfindən irəli sürülmüş daha geniş – 15 bəndlik şərtlərə cavab xarakteri daşıyırdı. Həmin ABŞ təkliflərində İranın məğlub tərəf kimi təqdim edildiyi bildirilir.

Qasımovun sözlərinə görə, yekun razılaşma tam şəkildə bu tələblər əsasında formalaşmasa da, əsas müzakirə mövzularından biri regionda kommunikasiya xətlərinin, xüsusilə strateji keçidlərin açılması olub. ABŞ-ın bu istiqamətdə sərt mövqe nümayiş etdirdiyi də qeyd olunur.

Ekspert sonda vurğulayıb ki, hazırda iki gündür qüvvədə olan atəşkəsə baxmayaraq, müharibədə qalib tərəf yoxdur və hər iki tərəf itkilərlə üzləşib.

Seçilən
24
news365.az

1Mənbələr