AZ

“Xəyanətə görə məsuliyyət yoxdur” HÜQUQŞÜNAS DANIŞDI

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar Azərbaycanda həyat yoldaşına xəyanət edənlərin hüquqi baxımdan müəyyən məsuliyyət daşıdığı haqda məlumat yayılıb.

Maraqlıdır, əgər belə bir qanun varsa, hüquqi baxımdan necə tənzimlənir?

Mövzu ilə bağlı Gununsesi.info–ya danışan hüquqşünas Xəyal Məmmədov qeyd edib ki, bu cür məlumatlar qüvvədə olan Azərbaycan qanunvericiliyinə uyğun deyil və heç bir normativ-hüquqi aktla təsdiq olunmayıb:

“Hazırda qanunvericilikdə xəyanət nə cinayət, nə də inzibati xəta kimi nəzərdə tutulur. Bu səbəbdən belə hallara görə şəxsin cərimələnməsi və ya digər formada cəzalandırılması mümkün deyil.

 Qeyd etmək istəyirəm ki, bu məsələ yalnız ailə hüququ çərçivəsində müəyyən əhəmiyyət kəsb edə bilər. Xəyanət faktı məhkəmə tərəfindən nikahın pozulması üçün əsas kimi qiymətləndirilə bilər, lakin bu, ayrıca hüquqi məsuliyyət yaratmır.

Eyni zamanda, nəzəri baxımdan zərər çəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Lakin burada əsas məsələ hüququn konkret pozuntusunun – məsələn, şərəf və ləyaqətin alçaldılması və ya şəxsi həyatın toxunulmazlığının pozulmasının sübut edilməsidir. Mən xüsusi vurğulamaq istəyirəm ki, təkcə xəyanət faktı bu cür iddiaların təmin olunması üçün kifayət etmir”.

Hüquqşünas onu da qeyd edib ki, sübutlara gəldikdə isə, foto və video materiallar, yazışmalar təqdim oluna bilər:

“Amma bu sübutların qanuni yolla əldə olunması və məhkəmə tərəfindən qəbul edilə bilən sübut olması vacibdir.

   Mənəvi zərərin ödənilməsi ilə bağlı məsələlərdə isə qanun konkret məbləğ müəyyən etmir. Təcrübədə bəzən müəyyən rəqəmlər səsləndirilsə də, hər bir iş üzrə kompensasiyanın məbləğini məhkəmə fərdi qaydada müəyyən edir. Bu səbəbdən əvvəlcədən ‘10–20 min manat’ kimi konkret məbləğ göstərilməsi hüquqi baxımdan düzgün deyil.

  Onu da qeyd edim ki, belə iddiaların qaldırılması üçün boşanmaq məcburi deyil. Eyni zamanda, şəxsin boşanmaması onun hüquqlarından imtina etməsi və ya baş verənləri qəbul etməsi kimi qiymətləndirilə bilməz.

Nəticə olaraq bildirirəm ki, xəyanətə görə ayrıca hüquqi məsuliyyətin tətbiqi ilə bağlı yayılan məlumatlar hüquqi reallığı əks etdirmir və vətəndaşlar bu kimi xəbərlərə etibar etməməlidirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
icma.az

1Mənbələr