Mənzil alqı-satqısı zamanı ən çox rast gəlinən problemlərdən biri çıxarışda (kupçada) göstərilən sahə ilə faktiki ərazi arasında uyğunsuzluqdur. Bu fərq bəzi hallarda vətəndaşların artıq ödəniş etməsinə səbəb olur ki, bu da hüquqi mübahisələr yaradır.
Bəs belə vəziyyətdə vətəndaş hansı addımları atmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, alınmış mənzilin ümumi sahəsi ilə çıxarışda qeyd olunan sahə arasında fərq mövcuddursa və bu fərq MTK tərəfindən qanunsuz hesablanma nəticəsində yaranıbsa, vətəndaş artıq ödədiyi vəsaiti geri tələb etmək hüququna malikdir.

“Belə hallarda ilk olaraq mənzil sahibi tikinti şirkətinə (MTK-ya) rəsmi qaydada müraciət etməli və artıq ödənişin geri qaytarılmasını tələb etməlidir. Əgər MTK bu tələbi yerinə yetirməkdən imtina edərsə, vətəndaş məhkəməyə müraciət edə bilər. Bu zaman mənzil mülkiyyətçisi artıq ödənilmiş məbləğin geri alınması ilə bağlı məhkəməyə iddia ərizəsi təqdim etməlidir. Məhkəmə qaydasında hüquqların bərpası mümkündür.”
Beləliklə, ekspert vətəndaşlara mənzil alarkən sənədləri diqqətlə yoxlamağı, sahə ölçülərini dəqiqləşdirməyi və uyğunsuzluq aşkar etdikdə hüquqi addımlar atmaqdan çəkinməməyi tövsiyə edirlər.
Aynurə İsmayıl
KONKRET.az