Rusiya son dövrlərdə Qarabağdan köçmüş ermənilərin məsələsini humanitar yardım missiyası adı altında daha çox qabartmaqla əslində bir neçə paralel geosiyasi məqsədi həyata keçirməyə çalışır.
Bu barədə siyasi şərhçi Əli Orucov Musavat.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyadan atılan addımlar üzdə humanitar ritorika ilə müşayiət olunsa da, mahiyyət etibarilə siyasi və strateji xarakter daşıyır:
“Bu cür addımlar Cənubi Qafqaz üzərində təsir imkanlarını qorumaq cəhdidir. Ukrayna müharibəsi fonunda və Qarabağda separatizmin kökü kəsiləndən sonra Rusiya regionda əvvəlki qədər dominant mövqeyini itirmək riski ilə üzləşib. Qarabağdan köçmüş ermənilərin hüquqları və geridönüş məsələsini gündəmdə saxlamaqla Moskva həm Azərbaycan, həm də Ermənistan üzərində təsir rıçaqları qurmağa çalışır”.

Siyasi ekspertin fikrincə, Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində hansısa formada rol almaq istəyir:
“2020-ci ildən sonra imzalanmış bir sıra razılaşmaların əsas təminatçısı kimi çıxış edən Rusiya sonrakı dövrdə bu mövqeyini qismən itirdi. İndi isə humanitar məsələləri önə çıxarmaqla yenidən proseslərin mərkəzinə qayıtmaq istəyir. Üçüncüsü, fəallaşma, Qarabağ erməniləri mövzusunu qabartmaq Qərbin artan təsirinə qarşı balans yaratmaq məqsədi daşıyır. Xüsusilə Avropa İttifaqı və ABŞ regionda fəallaşdıqca, Rusiya alternativ gündəm formalaşdırmağa çalışır. Rusiya Qarabağdan könüllü köçmüş ermənilərin məsələsini həm siyasi təzyiq aləti, həm də informasiya gündəmi yaratmaq vasitəsi kimi görür. Rusiya bu mövzunu sırf humanitar məsələ kimi deyil, çoxşaxəli geosiyasi alət kimi gündəmə gətirir. Bu isə regionda rəqabətin yalnız hərbi və iqtisadi deyil, həm də humanitar-siyasi müstəvidə davam etdiyini göstərir”.
Etibar Seyidağa,
Musavat.com