Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Litva tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə yaşıl və təmiz enerji sahəsində irəli sürülən təşəbbüslər və bu istiqamətdə formalaşan layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. O qeyd edib ki, Litva bu layihələri enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji təminatı baxımından mühüm hesab edir və bu istiqamətdə əməkdaşlığa açıq ölkələrdəndir. Eyni zamanda, Orta Dəhliz çərçivəsində əməkdaşlıq da Litva üçün prioritet istiqamətlərdən biridir və Azərbaycanın bu marşrutda artan rolu xüsusi əhəmiyyət daşıyır.
“Litvanın Klaipeda limanı regionlararası ticarət və logistika əlaqələrinin genişləndirilməsi baxımından əsas mərkəzlərdən biri kimi çıxış edə bilər. Fikrimcə, liman Azərbaycanla bu sahədə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, yaşıl texnologiyalar, innovasiya və startap ekosistemi kimi yeni istiqamətlərdə də əməkdaşlıq potensialı üçün xüsusi önəm daşıyır”, - deyə ekspert vurğulayıb.
A.Əzimzadə diqqətə çatdırıb ki, ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı investisiyaların təşviqi çox önəmlidir: “Hazırda yeni texnoloji quruluş formalaşır və bu quruluşun texnologiyalarının iqtisadiyyata tətbiqi Azərbaycan və Litva kimi inkişaf edən ölkələrin daha səmərəli və dayanıqlı inkişafına töhfə verə bilər”.
Ekspert əlavə edib ki, qarşılıqlı investisiya axınlarının artması, xüsusilə kapital qoyuluşlarından sonra ticarət dövriyyəsinin genişlənməsi üçün ciddi potensial yaradır və uzunmüddətli perspektivdə bu layihələrin real nəticələrini görmək mümkün olacaq.
Müxbir – Pərvanə Qafarova