Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı üzrə strategiyalar” adlı panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasovun moderatorluğu ilə baş tutan panel sessiyada DİM-in İdarə Heyəti sədrinin müavini Bəhram Xəlilov, Astana Dövlət Qulluğu üzrə Regional Xabın sədri Alixan Baymenov, Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədr müavini Alibek Axmedyar və Özbəkistanın İdarəetmənin Səmərəliliyi Agentliyinin direktor müavini Muzaffar Akramov çıxış ediblər. Onlar “Dövlət qulluğunun inkişafında qazanılmış təcrübə, əsaslı dəyişikliklər və nailiyyətlər”, “Dövlət qulluğunda səriştəyə əsaslanan kadr seçimi sisteminin yaradılması: nailiyyətlər və hədəflər”, “Son illərdə dövlət qulluğunda insan kapitalının idarə olunmasına yanaşma”, “Növbəti 10 ildə dövlət qulluğunda kadr siyasətinin inkişafı: strateji prioritetlər” və “Rəqəmsal platformaların və süni intellekt texnologiyalarının kadr seçimində və kompetensiyaların qiymətləndirilməsində yaratdığı imkanlar və risklər” mövzularını müzakirə ediblər.