ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində AMEA Folklor İnstitutu tərəfindən həyata keçirilən Qərbi Azərbaycan folklorunun toplanılması, nəşri və tədqiqi ilə bağlı görülmüş işlərə dair dəyirmi masa keçirilib. Tədbirdə Qərbi Azərbaycan folklorunun toplanılması və nəşrində xüsusi rolu olan Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) geniş təqdimatla çıxış edib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, o, Qərbi Azərbaycan məsələsinin aktuallığını xatırladıb, ölkəmizin və dövlətimizin strateji məsələlərindən biri olduğunu vurğulayıb. Məruzəçi qeyd edib ki, Qərbi Azərbaycan folklorunun toplanılması və tədqiqi olduqca vacibdir. “Xalqın yazılmış tarixindən başqa bir də yazılmamış tarixi var ki, bu tarix onun folklorunda yatır. Biz söyləyicilərlə görüşlərimiz zamanı bölgə, onun toponimləri, orada yaşayan türk tayfaları, tarixi hadisələr və şəxsiyyətlərlə bağlı materialları və s. də qeydə alırıq. Bu materialların hər biri ayrı-ayrılıqda Qərbi Azərbaycanın yazılmamış tarixinin səhifələridir”, - deyə Ləman Vaqifqızı vurğulayıb. O, bu bölgədən toplanmış materialların bir hissəsinin tamamilə yeni olmasını xüsusi diqqətə çatdıraraq bu toplamalar sayəsində indiyədək folklorşünaslığımız üçün naməlum olan xeyli mətn, süjet və folklor personajlarının Azərbaycan folklor fonduna daxil olduğunu qeyd edib.
Məruzəçi Qərbi azərbaycanlıların ağız ədəbiyyatının yaşadıqları bölgələrin folklorundan təsirlənməsi ilə bağlı müşahidələrini də diqqətə çatdırıb: “Düşünürük ki, qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın folklor və etnoqrafiyasında gedən dəyişikliyi öyrənmək ayrıca araşdırma mövzusu olmalıdır. Ümumiyyətlə, Azərbaycan folklorunda qaçqınlıq, doğma yurd-yuvadan ayrılmağın folklora təsirləri, demək olar ki, araşdırılmayıb. Düşünürük ki, bu, olduqca aktual mövzudur. Çünki bu zaman yurdundan ayrılan əhalinin repertuarı nələri qazanır, nələri itirir. Bu, ciddi şəkildə araşdırılmalıdır. Dəyişikliklər məkanla məhdudlaşmır, zaman da buraya öz diktəsini edir”.
Sonra Ləman Vaqifqızı ölkəmizin müxtəlif regionlarında məskunlaşan Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşlərdən danışıb, bu bölgənin folklor söyləyiciliyi üçün xas olan xüsusiyyətləri qeyd edib. O, həmçinin Qərbi Azərbaycan folklor mühitinin özünün məkanla bağlılığını itirsə də, sosial bazisini qoruyub saxladığını vurğulayıb.
Dosent vurğulayıb ki, dilimizin saflığının qorunması və zənginləşməsi, milli-mənəvi dəyərlərimizin mühafizəsi baxımından Qərbi Azərbaycan folklor nümunələri dəyərli və əhəmiyyətlidir. Məruzəçi Qərbi Azərbaycan folklorunun ümumi səciyyəvi cəhətləri və bölgələr üzrə fərqlilikləri haqqında da geniş danışıb, ayrı-ayrı janrlar haqqında məlumat verib.
Çıxışdan sonra tədbir iştirakçıları məruzə haqqında düşüncələrini dilə gətiriblər. Azərbaycan dili kafedrasının müdiri dosent Şəhla Əhmədova, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti filologiya elmləri doktoru Gültəkin Əliyeva, həmin kafedranın müəllimi Səbinə Ağababayeva, baş müəllimi Ülkər Yusifova və digərləri bu cür tədbirlərin filologiya ixtisası üzrə təhsil alan tələbələrin gələcək peşəkar fəaliyyəti üçün əhəmiyyətini vurğulayıblar. Tədbir orada iştirak edən tələbələrin mövzuya dair sualları ilə davam edib.







Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.