AZ

Zelenski: Bu yaz və yay dövrü siyasi və diplomatik cəhətdən heç də asan olmayacaq

Zelenski: Bu yaz və yay dövrü siyasi və diplomatik cəhətdən heç də asan olmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq məqsədilə aparılan danışıqları sentyabr ayına qədər yekunlaşdırmağa çalışacağını bildirib.

AFN.az xəbər verir ki, dövlət başçısı qarşıdakı yaz və yay dövrünün Ukrayna üçün həm siyasi, həm də diplomatik baxımdan kifayət qədər çətin keçəcəyini vurğulayıb.

Zelenski Kiyevdəki ofisində jurnalistlərlə görüşərək qeyd edib ki, ABŞ, Ukrayna və Rusiya arasında əvvəllər keçirilən üçtərəfli müzakirələr davam etdirilməlidir. O, Rusiyanın gərginliyi azaltmaq yolunu seçəcəyi təqdirdə aprel, may və ya iyun aylarında belə bir görüşün baş tuta biləcəyini ehtimal edir. Ukrayna lideri hesab edir ki, ABŞ-dakı aralıq seçkilərə qədər amerikalılar bu dialoq üçün heç kimə əlavə vaxt verməyəcək və bu səbəbdən həm diplomatik müstəvidə, həm də döyüş meydanında ölkəsinə təzyiqlər artıra bilər.

Zelenski Ukraynanın milli maraqlarını və təhlükəsizliyini qorumağa davam edəcəklərini bildirərək, müttəfiqlərin bu il keçiriləcək NATO sammitində Rusiya üzərində təzyiqi artıracaq tarixi və qətiyyətli addımlar atmasının vacibliyini qeyd edib. Cəbhədəki vəziyyətə toxunan prezident, Rusiya ordusunun böyük itkilər verməsinə baxmayaraq, strateji ehtiyatlar hesabına Ukrayna torpaqlarındakı hərbçi sayını artırdığını diqqətə çatdırıb. O, Rusiyanın bu ayın sonuna qədər Donetsk bölgəsindəki Drujkivka, Konstantinivka və Pokrovsk şəhərlərini tamamilə ələ keçirmək planlarının qeyri-mümkün olduğunu iddia edib.

Eyni zamanda Zelenski Ukraynanın İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə Körfəz ölkələri ilə əməkdaşlıq etdiyini açıqlayıb. O bildirib ki, Ukraynalı mütəxəssislər Yaxın Şərqdə bir neçə ölkədə İran PUA-larını uğurla məhv ediblər. Hazırda üç ölkə ilə müdafiə sahəsində 10 illik sazişlərin olduğunu deyən Zelenski Oman, Küveyt və Bəhreyn ilə də danışıqların davam etdiyini vurğulayıb. Bu tərəfdaşlıqlar çərçivəsində Ukrayna öz enerji sektorunu qorumaq üçün preventiv müdafiə sistemləri və enerji resursları əldə etməyi hədəfləyir.

Seçilən
22
afn.az

1Mənbələr