AZ

“Azərbaycanla Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir“-Deputat

 

Azərbaycanla Slovakiya arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğu qeyd edilir. İki ölkə arasında, xüsusilə siyasi dialoq müstəvisində əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyi bildirilir. Qarşılıqlı səfərlər bu münasibətlərin dərinləşməsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Slovakiya Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfəri, 2025-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bratislavaya səfəri iki dövlət arasında münasibətlərin qarşılıqlı etimad və inam prinsiplərinə əsaslandığını nümayiş etdirir.

 

Bildirilir ki, iki ölkə beynəlxalq platformalarda da qarşılıqlı dəstək nümayiş etdirir və bu amil əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Enerji təhlükəsizliyi məsələsi Slovakiya və ümumilikdə Avropa İttifaqı ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan enerji resurslarının diversifikasiyası əsas prioritetlərdən biri hesab olunur və Slovakiya Azərbaycanın bu sahədə rolunu yüksək qiymətləndirir. Eyni zamanda iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanır.

 

Deputat Azər Allahverənov QHT.az-a açıqlamasında deyib: “Deməli, Azərbaycanla Slovakiya arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Və nəzərə alsaq ki, iki ölkə arasında, xüsusilə də siyasi dialoq müstəvisində olan münasibətlər kifayət qədər yüksəkdir. Ən azından ölkə başçılarının qarşılıqlı səfərlərini buna dair nümunə olaraq göstərmək olar. Robert Fitsonun, yəni Slovakiyanın baş nazirinin 2024-cü ildə, səhv etmirəmsə, Azərbaycana səfəri, bundan sonra 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bratislavaya səfəri faktiki olaraq iki dövlət arasında münasibətlərin qarşılıqlı etimad və inam prinsiplərinə söykəndiyini göstərir. Və burada da ən önəmli məsələ odur ki, iki dövlət arasında siyasi dialoq, həm də müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstək, dəstəyin nümayiş olunması da özünü büruzə verir. Eyni zamanda nəzərə alsaq ki, Slovakiya üçün, xüsusilə Avropa İttifaqı üzvü olan ölkələr üçün bu gün enerji təhlükəsizliyi önəmli məsələdir. Burada da hər bir dövlət diversifikasiya olunmuş enerji mənbələri ətrafında fəaliyyət göstərir ki, Slovakiya da məhz bu prinsipdən irəli gələrək Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu bildirir. İqtisadiyyat və enerji layihələri olduqca önəmlidir. Əsas vacib məsələ odur ki, siyasi dialoq müstəvisində özünü göstərən əməkdaşlığın iqtisadi, ticarət və digər sahələrdə də dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Əgər iki dövlətin siyasi rəhbərliyi arasında etimad prinsiplərinə söykənən münasibətlər varsa, bu da Azərbaycanla Slovakiya münasibətlərinə nümunədir. Bu bazis üzərində sonrakı mərhələdə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Məsələn, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var. Yeri gəlmişkən, kənd təsərrüfatı sahəsi də bu baxımdan iqtisadiyyatın mühüm seqmentlərindən biridir. Slovakiya tərəfi dəfələrlə Azərbaycan məhsullarının Slovakiya bazarına çıxarılmasının vacibliyini qeyd edib. Həmçinin hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üçün ciddi zəmin və siyasi iradə mövcuddur. Keçən il 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beş illiyi ilə bağlı tədbirdə Slovakiya nümayəndə heyəti də iştirak edib. Bu da Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə göstərdiyi mövqeyi nümayiş etdirir. Həmin nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul olunub. İstənilən halda iki dövlət arasında münasibətlər strateji mahiyyət daşıyır və strateji tərəfdaşlıq səviyyəsindədir. Gələcəkdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Slovakiyanın Avropa İttifaqı və NATO üzvü olması da bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan üçün mühüm imkanlar yaradır.”

Zəhra Ağayeva

Seçilən
38
qht.az

1Mənbələr