AZ

Pakistan regional diplomatiyada yeni liderə çevrilir  Mahmud Ul Hasan Xan (MÜSAHİBƏ)

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sevindirici haldır ki, region ölkələrinin hamısı Pakistanın davamlı atəşkəsə nail olmaq istiqamətində göstərdiyi səylərə siyasi, mənəvi və diplomatik dəstək verir"

Yaxın Şərqdə artan gərginlik fonunda diplomatik kanalların yenidən aktivləşməsi beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Xüsusilə Amerika Birləşmiş Ştatları ilə İran arasında birbaşa təmasların başlanması təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə danışıqların İslamabad kimi neytral və strateji baxımdan önəmli bir məkanda keçirilməsi təsadüf kimi görünmür.

Görünən odur ki, son illərdə balanslaşdırılmış xarici siyasət yürütməyə çalışan Pakistan bu cür həssas məsələlərdə vasitəçi rolunu gücləndirməyə çalışır. Bu, həm onun regional nüfuzun artırılması, həm də beynəlxalq diplomatiyada daha aktiv mövqe qazanması baxımından əhəmiyyətlidir. 

İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, pakistanlı mütəxəssis Mahmud Ul Hasan Xan Pakistanın sülh prosesində iştirakı ilə bağlı Sherg.az-ın suallarını cavablayıb: 

-ABŞ və İran niyə görüşün Pakistanda keçirilməsinə razılaşdı? 

-ABŞ-nin gizli missiyası çərçivəsində dəniz piyadaları İslamabadda yerləşdirilib. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, Cared Kuşner və Stiv Vitkof, həmçinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi İran nümayəndə heyətinə rəhbərlik edərək paytaxtda keçiriləcək ilk birbaşa danışıqlarda iştirak etmək üçün Pakistana səfər edəcəklər. İranın Pakistandakı səfiri Rza Əmiri Muqadam da nümayəndə heyətinin tərkibində olacaq.

Bu, normallaşmaya doğru atılan ilk böyük addımdır. Lakin danışıqların bu ilk mərhələsindən ciddi nəticələr gözlənilmir. Bununla belə, Çin və Rusiyanın müsbət rolu əlavə dəyər yaradaraq ABŞ-İsrail və İran arasında davam edən müharibədə regional tarazlaşdırıcı amil kimi çıxış edə və sülh, sabitlik gətirə bilər.

Şübhəsiz ki, Pakistan hökuməti, baş nazir Şahbaz Şərifin rəhbərliyi ilə və feldmarşal Munirin birbaşa təşəbbüsü nəticəsində ABŞ prezidenti Trampla danışaraq Yaxın Şərqdə davam edən münaqişənin bütün aspektlərini ətraflı müzakirə edib. Onlar dialoq və diplomatiyaya vaxt verilməsinin vacibliyini vurğulayıb. Məhz bunun nəticəsi olaraq ABŞ və İran İslamabadda görüşməyə razılaşıb. 

-Görüşün İslamabadda keçirilməsinin Pakistana xeyri nə olacaq? 

-Pakistan artıq konstruktiv diplomatiya, koordinasiyalı əməkdaşlıq və məsləhətləşmələrə əsaslanan siyasi proseslər baxımından yeni regional lider kimi təqdim olunur. Bu, regionda və daha geniş miqyasda sülh, sabitlik və harmoniya üçün atılan mühüm addım kimi qiymətləndirilir.

Feldmarşal Munir qeyri-rəsmi (Track II) diplomatiyanın yeni simvoluna çevrilərək Pakistanın müasir diplomatik tarixində yeni bir səhifə açıb. O, ölkənin xarici siyasətini daha da yüksəklərə daşıyıb. Bu, Hindistanın regiondakı hegemonluq və genişlənmə planlarına ciddi zərbə kimi də qiymətləndirilir.

Sevindirici haldır ki, region ölkələrinin hamısı Pakistanın davamlı atəşkəsə nail olmaq istiqamətində göstərdiyi səylərə siyasi, mənəvi və diplomatik dəstək verir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin dəstəyi vaxtında, konstruktiv və məhsuldar olmaqla yanaşı, regional həmrəyliyi, sülh yolu ilə münaqişələrin həlli ideyasını və ümumi rifahı təşviq edir. 

-Sülh regiona özü ilə birlikdə hansı yenilikləri gətirəcək? 

-Uzunmüddətli sülh razılaşması Yaxın Şərq və Körfəz regionunda münaqişə tərəflərini normallaşmaya aparacaq, Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə enerji resurslarının fasiləsiz daşınmasını təmin edəcək. Bu, “mavi iqtisadiyyat”ın inkişafına şərait yaradacaq, regional və qlobal bazarlarda sabitliyi gücləndirəcək, qaz təchizatını davamlı, maliyyə axınlarını bərpa edəcək, daşınmaz əmlak bazarlarını canlandıracaq və ən əsası insan resurslarının yenidən Körfəz ölkələrinə axınını təmin edəcək.

Bundan əlavə, bu proses Mərkəzi və Cənubi Asiyanı birləşdirən geoiqtisadi və nəqliyyat-logistika layihələrinə də müsbət təsir göstərəcək. Buraya Qvadar və Bəndər-Abbas limanları, Pakistan-Əfqanıstan-Özbəkistan üçtərəfli dəmir yolu layihələri və Mərkəzi Asiyanı Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizi daxildir.

Bütün region ölkələri bu təşəbbüsü “xeyirxahlıq və müdriklik nümunəsi” kimi qiymətləndirir. Bu addım hücumların dayandırılmasına və konstruktiv danışıqlar üçün imkan yaradılmasına səbəb olub.

Pakistan hökuməti əsas tərəfləri gərginliyin artmasının qarşısını almağa və deeskalasiya(gərginliyin azaldılması) istiqamətində birgə işləməyə inandırmaqda mühüm rol oynayıb. İran, ABŞ və Körfəz ölkələri ilə qurulan əlaqələr buzların əriməsinə və atəşkəs üçün imkan yaranmasına şərait yaradıb.

Bütün tərəflərin kollektiv yanaşması, İranın daha yumşaq mövqeyi, qlobal əməkdaşlıq və Pakistanın Tehran, Riyad, Doha, Əbu-Dabi, Manama, Küveyt və Vaşinqton arasında apardığı fəal diplomatiya hamı üçün qazanclı nəticələr yaradır. 

-Atəşkəs elan olunsa da, pozuldu. Bəs davamlı sülh necə mümkün ola bilər? 

-Regionda davamlı və uzunmüddətli sülh yalnız bütün tərəflərin birgə, konstruktiv və məqsədyönlü səyləri, xüsusilə də Çin və Rusiyanın gələcəkdə diplomatik balanslaşdırıcı rolunun güclənməsi ilə mümkün olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sherg.az

1Mənbələr