AZ

Kirayə vergisi azaldıldı, bəs müqavilələr niyə bağlanmır? Vəkildən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.

Amma hazırda da müqavilə imzalanmasından yayınan sahibkarların olduğunu görürük. 

Hansı səbəblər sahibkarların müqavilə imzalamasının qarşısını alır?

Vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirdi ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi ilk baxışda kirayə münasibətlərinin leqallaşdırılması istiqamətində əhəmiyyətli addım kimi görünür:

"Lakin bu dəyişiklik universal xarakter daşımır. Söhbət yalnız fiziki şəxsə məxsus yaşayış sahəsinin digər fiziki şəxsə kirayəyə verilməsindən əldə olunan gəlirdən gedir. Sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilən icarə münasibətlərində, eləcə də əmlakın hüquqi şəxslərə icarəyə verilməsi hallarında əvvəlki 14 faizlik vergi rejimi qüvvədə qalır. Problemin mahiyyəti ondadır ki, kölgə münasibətlərinin əsas səbəbi əksər hallarda təkcə vergi yükünün həcmi olmur. Burada daha ciddi amil hüquqi münasibətin rəsmiləşdirilməsi ilə birlikdə yaranan inzibati öhdəliklər, gəlirin görünən və nəzarət edilə bilən dövriyyəyə daxil olması, vergi uçotu, hesabatlılıq və bəyannamə intizamıdır. Başqa sözlə, vergi dərəcəsinin aşağı salınması fiskal yükü azaltsa da, rəsmiləşdirmə ilə bağlı hüquqi və prosedur məsrəfləri olduğu kimi qalır. Buna görə də bazarın müəyyən hissəsi üçün əsas stimul “daha aşağı vergi” deyil, “daha sadə, sürətli və az xərc tələb edən prosedur” olaraq qalır".

Həmsöhbətimiz vurğuladı ki, müqavilə bağlamaqdan yayınmanın digər mühüm səbəbi isə kirayə münasibətlərinin rəsmiləşdirilməsi zamanı ortaya çıxan hüquqi çətinliklərdir:

"Təcrübədə bir çox mülkiyyətçilər müqavilənin bağlanması prosedurunu tam bilmirlər, tələb olunan sənədlərin həcmi və ardıcıllığı barədə aydın təsəvvürə malik olmurlar, bəzi hallarda isə həyat yoldaşının razılığı, mənzildə qeydiyyatda olan digər yetkin şəxslərin razılıq ərizəsi, notarial təsdiq, dövlət reyestrindən çıxarış, sığorta ilə bağlı tələblər kimi əlavə formal elementlər bu prosesi daha da mürəkkəbləşdirir. Fərdi yaşayış evlərinin isə əksəriyyəti sənədsizdir və müqavilə bağlamaq mümkün deyil. Kirayəçilərin tez-tez dəyişdiyi hallarda hər dəfə yeni müqavilə, yeni razılıq və yeni sənədləşmə ehtiyacı yaranır ki, bu da həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur. Bir çox hallarda tərəflər məhz bu təkrar prosedurlardan, əlavə ödənişlərdən və gələcəkdə vergi orqanları qarşısında daimi hesabatlılıq öhdəliyindən yayınmaq üçün münasibəti qeyri-rəsmi saxlamağa üstünlük verirlər. Deməli, məsələ yalnız vergi faizinin səviyyəsində deyil, əsas problem odur ki, hüquqi müstəviyə keçid hələ də kifayət qədər sadə, çevik və praktik deyil. Bu baxımdan real həll vergi dərəcəsinin azaldılması ilə yanaşı, kirayə münasibətləri üçün standartlaşdırılmış, tam elektron, aydın və minimum sənəd tələb edən sadələşdirilmiş müqavilə mexanizminin yaradılmasından keçir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
redaktor.az

2Mənbələr