ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İnsanlar keçmişi xatırlayarkən onu bəzən olduğundan daha sakit, daha gözəl və daha problemsiz kimi təsəvvür edirlər.
Bu səbəbdən “Əvvəllər hər şey daha yaxşı idi” ifadəsi çox adamın gündəlik söhbətlərində tez-tez eşidilir. Amma bu həmişə real müqayisə demək deyil.
Çox hallarda bu yanaşma insanın indiki həyat tempindən, artan məsuliyyətlərdən və gündəlik stressdən qaçmaq üçün yaratdığı psixoloji bir rahatlanma formasıdır.
Maraqlıdır, insanlar niyə tez-tez “əvvəllər hər şey daha yaxşı idi” düşüncəsinə qapılır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, insanların tez-tez “əvvəllər hər şey daha yaxşı idi” deməsi beynin seçici yaddaşı ilə izah olunur:

“İnsan keçmişi olduğu kimi deyil, daha çox emosional şəkildə yumşaldılmış formada xatırlayır. Çətinliklər zamanla arxa plana keçir, xoş xatirələr isə daha aydın və parlaq qalır.
Nəticədə keçmiş real olduğundan daha ideal görünür. Bu proses həm real xatirələrin təhrif olunması, həm də psixoloji müdafiə mexanizmi kimi qiymətləndirilə bilər.
Keçmiş hadisələr həqiqətən baş verib, lakin yaddaş onları tam dəqiqliyi ilə saxlamır, müəyyən dərəcədə “redaktə edir”. Eyni zamanda, insan indiki dövrdə stress və qeyri-müəyyənlik hiss etdikdə, beyin daha təhlükəsiz və rahat hiss etdiyi keçmiş dövrlərə yönəlir”.
Psixoloq qeyd edib ki, keçmişin idealizə olunması hər zaman indiki həyatdan narazılıq demək deyil:
“Amma bir çox hallarda bu, daxili emosional vəziyyətlə bağlı siqnal ola bilər. İnsan indiki zamanda emosional doyum tapmadıqda, keçmiş daha cazibədar və rahat görünməyə başlayır. Əslində isə insan konkret bir dövrü deyil, həmin dövrdə yaşadığı hissləri rahatlığı, yüngüllüyü və təhlükəsizlik duyğusunu darıxır.
Psixoloji baxımdan bu hal insanın indiki həyatında hansı emosiyaların azaldığını göstərir. Beyin çatışmayan hissləri keçmiş təcrübələrlə əlaqələndirir və həmin dövrləri daha ideal kimi qavrayır.
Keçmişi ideallaşdırmaq müəyyən həddə qədər normal bir psixoloji haldır. Lakin bu düşüncə tez-tez təkrarlanırsa, bu, insanın indiki həyatında emosional balansın yenidən qurulmasına ehtiyac olduğunu göstərən bir siqnal kimi dəyərləndirilə bilər”.
Gülər Həsənli
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.