AZ

Umur Tuqay Yücel: Logistika infrastrukturlarına qoyulan investisiyalar ölkənin tranzit rolunu daha da möhkəmləndirir

Bakı, 10 aprel, AZƏRTAC

Rusiya–Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdə İran ətrafında baş verən proseslər qlobal ticarət marşrutlarında ciddi problemlərə səbəb olub. Bu isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qısa müddətdə ön plana çıxmasına gətirib çıxarıb.

Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Umur Tuqay Yücel deyib.

O qeyd edib ki, bu prosesdə Azərbaycan coğrafi mövqeyinin verdiyi üstünlüklərdən effektiv şəkildə istifadə edərək artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də mühüm tranzit ölkə kimi çıxış edir. “Orta Dəhlizin canlanması Azərbaycanın geosiyasi çəkisini xeyli artırıb. Çünki ölkə artıq Avropa ilə Asiya arasında alternativ və etibarlı bağlantı nöqtəsi kimi qəbul olunur. Xüsusilə Rusiya üzərindən keçən şimal marşrutuna asılılığın azalması Azərbaycanı həm Avropa, həm də Asiya ölkələri üçün strateji tərəfdaşa çevirib”, – deyə o vurğulayıb.

U.T.Yücel bildirib ki, bu şəraitdə Azərbaycan iqtisadi, siyasi və diplomatik təsir imkanlarını gücləndirir. Logistika infrastrukturlarına qoyulan investisiyalar, liman tutumunun artırılması və dəmir yolu əlaqələrinin inkişafı ölkənin tranzit rolunu daha da möhkəmləndirir.

Onun sözlərinə görə, iqtisadi baxımdan bu proseslər Azərbaycan üçün yeni gəlir mənbələri yaradır. “Tranzit daşımalarından əldə olunan gəlirlərin artması ilə yanaşı, xarici investisiyaların cəlb olunması və enerji sektorundan kənar sahələrin inkişafı iqtisadiyyatın daha balanslı olmasına töhfə verir. Bu isə uzunmüddətli perspektivdə iqtisadi dayanıqlığı gücləndirən mühüm amildir”, – deyə ekspert qeyd edib.

U.T.Yücel vurğulayıb ki, ümumilikdə Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətinin artması müvəqqəti deyil, daha çox struktur və davamlı xarakter daşıyan transformasiyanın göstəricisidir.

Ekspert əlavə edib ki, Yaxın Şərqdə artan risklər dəniz daşımalarını çətinləşdirdiyi halda, Trans-Xəzər marşrutu çərçivəsində Azərbaycan üzərindən keçən quru yolları bir sıra üstünlüklər təqdim edir. “Bu marşrutlar münaqişə zonalarından və dar boğazlardan uzaq olduğu üçün daha təhlükəsiz və proqnozlaşdırıla biləndir. Eyni zamanda, dəmir yolu və quru nəqliyyatına əsaslandığı üçün daşınma müddətləri daha sabitdir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, dəniz daşımalarında rast gəlinən gecikmələr, sığorta xərcləri və marşrut dəyişiklikləri bu dəhlizdə daha az müşahidə olunur. Azərbaycanın son illərdə liman, dəmir yolu və logistika infrastrukturlarına yatırdığı sərmayələr bu marşrutun dayanıqlılığını və fasiləsiz fəaliyyətini daha da gücləndirir.

“Rusiya–Ukrayna müharibəsi və paralel olaraq Şimal–Cənub nəqliyyat dəhlizinin inkişafı Azərbaycana unikal mövqe qazandırır. “Azərbaycan həm Şərq–Qərb (Orta Dəhliz), həm də Şimal–Cənub xəttinin kəsişməsində yerləşərək artıq sadəcə logistika körpüsü deyil, çoxşaxəli regional mərkəzə çevrilir”, – deyə türk ekspert əlavə edib.

Müxbir- Səbinə Əlizadə

Seçilən
20
1
azertag.az

2Mənbələr