“20 gün əvvəl klinikadan çıxmışam. Müalicəm sona qədər davam etmədi. Yadınızdadırsa, müalicəmin 4 hissədən ibarət olacağını və qısa fasilələrlə davam etməli olduğunu bildirmişdim. Birinci müalicəm, sağ olsun, Qurban Qurbanov, “Neftçi” və “Sumqayıt” futbol klubları, eləcə də keçmiş futbolçu yoldaşlarımın dəstəyi sayəsində baş tutdu. İndi də dərmanlarıma köməklik göstərirlər”.
Publika.az xəbər verir ki, bu sözləri “Teleqraf”a açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyev deyib.
Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 50 yaşlı mütəxəssis hazırki vəziyyətindən danışıb:
“İkinci müalicə zamanı AFFA-ya getdim, Slaviklə (AFFA-nın hakimi - red) danışdıq, o da mənim həkimimlə əlaqə saxladı. İki ay sonra əməliyyat olunmalı idim – mənə qaraciyər köçürülməli idi. Dedilər ki, bu əməliyyata qədər xəstəxanada qalmalısan. Amma cəmi 4-5 gün xəstəxanada qaldım. AFFA ilkin olaraq ödənişi üzərinə götürmüşdü. Lakin sonradan yarımçıq saxlanıldığı üçün klinikanı məcburi tərk etməli oldum. Yenə də həmin 4-5 günə görə federasiyaya təşəkkür edirəm. Amma çox istəyirəm ki, siz də mənə kömək olasınız.
Bu gün Azərbaycan futbolunda 20 yaşlı yığma komanda heç kimə lazım deyil. Belə yığma yaradılır və təyin olunan əcnəbi baş məşqçiyə ayda 50 min avro maaş verirlər. Amma ürəyindən iki dəfə əməliyyat olunmuş, Azərbaycan futboluna xidmət etmiş Kamal Quliyev AFFA-ya müraciət edir, əvvəlcə kömək vəd olunur, sonra isə yarımçıq saxlanılır. Halbuki, əcnəbiyə verilən 50 minlə müqayisədə bu məbləğ çox kiçikdir. Bu, nə dərəcədə ədalətlidir?