AZ

Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Qırğızıstanda Təhsil üzrə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin direktoru Çinarə Batrakeyeva “Milli Qəbul İmtahanı (NAT): Qırğızıstanda universitet qəbulunda etimad və şəffaflığı təmin etmək mexanizmi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı Çinarə Batrakeyeva Qırğızıstanda tətbiq olunan NAT sisteminin məktəb təhsilinin keyfiyyətinə müsbət təsirini ətraflı şəkildə təqdim edib. O vurğulayıb ki, NAT imtahanı verən məzunlar təhsillərinə daha ciddi yanaşırlar: “NAT imtahanı zamanı müəllimlər şagirdləri hazırlamaqda daha böyük məsuliyyət daşıyırlar. Bu imtahanlarda uzaq rayonlardan gələn şagirdlərin sayında artım müşahidə olunur. Universitetlərə abituriyentlərin qəbulu daha aydın və şəffafdır. NAT imtahanlarında oxu bacarığının vacibliyinə vurğu edilir, çünki testdə şagirdlərin oxu anlama bacarığını yoxlayan bölmə var. NAT imtahanlarında riyaziyyat, ana dili, kimya, biologiya, fizika, tarix və xarici dil dərslərində əldə edilmiş biliklərin tətbiqinə xüsusi diqqət yetirilir. Test sadəcə faktları yadda saxlamağı yox, biliklərin real həyatda tətbiqini yoxlayır”.

Çinarə Batrakeyeva qeyd edib ki, NAT imtahanı Qırğızıstanda universitetə qəbulda etimad və şəffaflığın əsas mexanizminə çevrilib. Bu sistem həm məktəb təhsilini stimullaşdırır, həm də ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Azər İbrahimov
Seçilən
15
2
azertag.az

3Mənbələr