AZ

Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur ŞƏRH

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın yaratdığı yeni reallıq sayəsində region uzunmüddətli sabitik və inkişaf mərhələsinə qədəm qoyacaq

Azərbaycan həm şimalı, həm də cənubu münaqişə ocağıdır. Hər iki münaqişə artıq lokal çərçivəni aşaraq regional və qlobal sabitliyi birbaşa sarsıdan faktor kimi çıxış edir. Əvvəlki dövrlərdə böyük güclər qısa müddətli hərbi müdaxilələrlə siyasi nəticə əldə etməyə çalışırdısa, indi münaqişələr daha çox “idarə olunan qeyri-müəyyənlik” fazasına keçib.

Rusiya-Ukrayna müharibəsi dörd ildən çoxdur davam edir. Bu qarşıdurmada minlərlə insan həyatını itirib, ölkələrini tərk etmək məcburiyyətində qalıblar. Bundan başqa, hər iki ölkə iqtisadi geriləməyə və genişmiqyaslı infrastruktur dağıntılarına məruz qalıb. Münaqişənin nə vaxt bitəcəyi isə hələ də qeyri-müəyyəndir. Tərəflərdən heç biri sürətli qələbə əldə etmək iqtidarında deyil. Nəticədə müharibə klassik hərbi mərhələdən çıxaraq tükəndirmə strategiyasına keçib.

Oxşar dinamikanı İran–ABŞ–İsrail xəttində də müşahidə etmək mümkündür. İlkin mərhələdə qısa müddətli eskalasiya kimi qiymətləndirilən bu qarşıdurmanın uzanması göstərdi ki, tərəflər hərbi gücdən daha çox siyasi siqnal vasitəsi kimi istifadə edirlər. 

Atəşkəs və sülh təşəbbüsləri olsa da, nəticəsinin qeyri-müəyyən qalması həm tərəf ölkələr, həm də qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır.

Azərbaycan isə 2020-ci ildə 44 günlük Vətən müharibəsinə başlayarkən müharibəni uzatmaq yox, maksimal qısa müddətdə nəticələndirmək strategiyasını seçdi.

Azərbaycanın konkret məqsədi vardı ki, beynəlxaq hüquqla tənzimlənən sərhədlərini bərpa etmək, işğal altındakı torpaqlarını azad etmək. Rəsmi Bakı bu hədəf istiqamətində resurslarını optimallaşdırmış və səfərbər etmişdi. 

2023-cü il antiterror tədbirləri isə Azərbaycanın hərbi modelinin daha qısa zaman intervalında tətbiq oluna biləcəyini göstərdi. Burada artıq klassik müharibədən fərqli olaraq, lokal və yüksək dəqiqlikli əməliyyat konsepsiyası ön plana çıxdı. Bu, bir tərəfdən hərbi hədəflərin minimum zaman ərzində neytrallaşdırılmasını təmin etdi, digər tərəfdən isə genişmiqyaslı eskalasiyanın qarşısını aldı. Yəni əvvəlki təcrübə daha kompakt və texnoloji baxımdan adaptasiya olunmuş formada təkrarlandı.

Hərb tarixindəki Azərbaycan nümunəsini şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, müharibələr əksər hallarda yeni münaqişələrin yaranmasına zəmin yaradır və bu proses zəncirvari xarakter daşıyır. Onun sözlərinə görə, hazırda həm dünyada, həm də regionumuzda bir müharibə başa çatmamış digəri alovlanır və bu da onları qısa müddətdə yekunlaşdırmağı çətinləşdirir. Deputat qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr bunu açıq şəkildə göstərir. İlkin mərhələdə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş qarşıdurma zamanla Hörmüz boğazı uğrunda mübarizəyə çevrildi və prosesin gələcəkdə Ədən körfəzinə qədər genişlənə biləcəyi ehtimal olunur. Bu isə müharibələrin coğrafi və siyasi baxımdan necə genişlənə bildiyini göstərir.

Eyni vəziyyətin Şərqi Avropada da müşahidə olunduğunu vurğulayan H.Babaoğlu bildirib ki, dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin başlanğıc səbəbi Donbas olsa da, sonradan münaqişə Zaporojye, Xerson kimi digər əraziləri də əhatə edib:

“Bu mənzərə fonunda Azərbaycanın apardığı 44 günlük müharibə tamamilə fərqli nəticə ilə yadda qaldı. Bu müharibə nəticəsində həm 30 ilə yaxın davam edən işğala son qoyuldu, həm də 100 illik münaqişə birdəfəlik həll edilərək gələcəkdə yeni münaqişələrə səbəb ola biləcək əsas faktorlar aradan qaldırıldı. Etnik separatçılıq məsələsinin birdəfəlik həll olunması regionda uzunmüddətli sabitlik üçün mühüm zəmin yaratdı”.

Hikmət Babaoğlu vurğulayıb ki, bəzi münaqişələr “rus matruşkası” prinsipi ilə formalaşır, yəni bir problem həll olunmadan qaldıqca onun içindən yeni problemlər çıxır. Qarabağ məsələsi də çoxşaxəli və mərhələli şəkildə həll olunması planlaşdırılan bir münaqişə idi: “İşğal altındakı rayonların azad edilməsi, ətraf ərazilərin taleyi, Laçın dəhlizi məsələsi və bölgədə yaşayan ermənilərin statusu kimi mövzular uzun illər gündəmdə qala bilərdi. Lakin Azərbaycan dövlətinin qətiyyəti, düzgün strategiyası və siyasi iradəsi nəticəsində bu məsələlərin böyük hissəsi qısa müddətdə həll olundu və yeni reallıq formalaşdırıldı. Bu reallıq isə regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdı”.

Deputatın sözlərinə görə, yaxın perspektivdə Cənubi Qafqazda məhz bu yeni reallıqlar əsasında uzunmüddətli sabitlik və inkişaf mərhələsinin başlanması gözlənilir: “Məhz bu yeni reallıq sülh üçün imkanlar, şərtlər yaratdı. Hazırda bütövlükdə regionumuz bunun bəhrəsini görməkdədir. Önümüzdəki qısa müddətli mərhələdən sonra yəqin ki, Azərbaycanın yaratdığı yeni reallıq sayəsində Cənubi Qafqaz regionu uzunmüddətli sabitik və inkişaf mərhələsinə qədəm qoyacaq, bu da məhz Azərbaycanın xidmətləri sayəsində mümkün olacaq. 44 günlük müharibə təcrübəsi isə gələcəkdə hərbi-siyasi baxımdan nümunə kimi qiymətləndiriləcək və ölkə vətəndaşları üçün qürur mənbəyi olaraq qalacaq. Bu bizim dövlətimizin gücüdür!”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr