AZ

Sezer Bozkuş Kahyaoğlu: Yeni dünya düzəni iqtisadi müharibəyə çevrilir

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bir illik şok, 3 illik inflyasiya yarada bilər”

Orta Şərq və İran ətrafında formalaşan qarşıdurma dinamikası enerji axınları, ticarət yolları və istehsal zəncirlərinin davamlılığı baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə baş verən dəyişikliklər yalnız enerji böhranı ilə məhdudlaşmır, eyni zamanda qida təhlükəsizliyi və ümumi iqtisadi tarazlıq üzərində dərin təsirlər yaradır. 

Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsinin dosenti, iqtisadçı Sezer Bozkuş Kahyaoğlu Sherg.az-a dünyada hökm sürən geosiyasi vəziyyətin iqtisadiyyata təsirindən danışıb:

"Dünya iqtisadiyyatında ortaya çıxan qarşıdurma ümumilikdə Orta Şərq bölgəsinin Aralıq dənizi sahillərində yerləşən qərb hissəsi ilə Asiyaya açılan qapı olan İran bölgəsində sıxlaşmanın iqtisadi baxımdan bütün ölkələrə təsir edəcək.

Bu proses başlıca istehsal zəncirlərini sarsıdan şok, böhran və müharibə kimi xarakterizə oluna bilər.

Məsələyə yalnız enerji böhranı kimi yanaşmaq düzgün deyil. 

Təchizat zəncirlərinin əsasını təşkil edən enerjinin istehsalının başlıca mənbəyi olmaqla yanaşı, bu resurslar eyni zamanda qida və kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan gübrə üçün də əsas giriş rolunu oynayır.

Bu səbəbdən proses tədricən bütün dünyaya təsir edən genişmiqyaslı böhrana doğru irəliləyir.

Qida və enerjidə baş verəcək dəyişikliklər dünyanın müxtəlif bölgələrində yeni münaqişə səbəbi olaraq mühüm gərginliklərin yaranmasına səbəb olacaq. 

Bu baxımdan bölgənin böhran yaratma potensialı, xüsusilə dünya istehsalının və əsas girişlərin formalaşdığı Asiya-Sakit okean bölgəsi üçün daxildə dəyişikliklərə səbəb ola biləcək qarşıdurma sahəsinə çevrilib". 

Ekspert bu qarşıdurmaların təsirinin Hörmüz boğazının bağlanması ilə birlikdə enerji qiymətlərində artım və enerji böhranı ilə özünü göstərdiyini deyib: 

"Burada əsas məsələ qarşıdurma başa çatdıqdan sonra ortaya çıxacaq yeni təhlükəsizlik ehtiyacı və buna uyğun qurulacaq strukturun hansı istiqamətdə olacağıdır. Bu baxımdan İran Xəzər hövzəsi ilə Bəsrə, Hörmüz və Körfəz bölgəsi arasında yerləşdiyindən, onun yaradacağı təsir Asiyanın cənub və mərkəzi hissəsində yeni təsirlərin formalaşmasına səbəb olacaq. Bu yeni formalaşma, beynəlxalq münasibətlərlə iqtisadiyyatın iç-içə keçdiyi “geoiqtisadiyyat” adlandırılan yeni yanaşma ilə birlikdə dünya enerji siyasətini təsir edən yeni bir vəziyyət kimi qarşımıza çıxır.

Coğrafiyanı nəzərə aldıqda və iqtisadiyyatla birlikdə düşündükdə İranla bağlı əsas hədəfin, hamının qeyd etdiyi kimi, Çin olduğu görünür. Qarşıdurma prosesinin sona çatmasından sonra coğrafiyada yaranacaq vəziyyət gərginliyin qlobal miqyasda artıb-artmayacağını və eyni zamanda dünya enerji yollarının yenidən formalaşıb-formalaşmayacağını müəyyən edəcək.

Nəticə etibarilə, detallı bir mətn ortaya çıxmadıqca burada ifadə edilən hər fikir ssenari səviyyəsində qalacaqdır. Hörmüz boğazı ilə birlikdə psixoloji üstünlüyün İrana keçdiyi barədə müəyyən bir qəbul formalaşıb. Lakin burada Çinin və Rusiyanın təsiri ilə bağlı açıq məlumat yoxdur, üstüörtülü qəbul mövcuddur".

İqtisadçı mümkün atəşkəs və ya danışıqlar prosesinin detallı maddələri görünmədən nəticələr haqqında şərh vermək və qəti fikir söyləməyin mümkün olmadığını söyləyib:

"Bildiyimiz odur ki, təklif şokları qısa və orta müddətdə staqflyasiyaya (pulun dəyəri azalır, iqtisadiyyat isə böyümür) səbəb olan təsiri ilə prosesin uzunluğunun orta hesabla üç qatına qədər davam edən dövr yarada bilər. Yəni enerji təklifinə mənfi təsir edən bu prosesdə bir illik dövrün orta hesabla üç illik davamlı inflyasiya yaradacağını demək mümkündür. Bunun mühüm nəticəsi isə faiz dərəcələrinin artması və dünya iqtisadiyyatının durğunluğa düşməsidir. Bu inflyasiya dalğası ilə birlikdə dünyada ticarət şərtlərinin necə formalaşacağı və bunun təsiri müzakirə edilməli ən mühüm məsələdir. Bu təsirin maliyyə bazarlarında portfel formalaşmalarına da təsir edəcəyini demək olar.

İran Xəzər hövzəsi ölkəsi kimi, daxilindəki azərbaycanlı və türk əhalinin çəkisi ilə Orta Asiya strategiyasında təsirli və əhəmiyyətli ölkədir. Buradakı dəyişikliklər Orta Asiyada, xüsusilə də Türk dünyasında təsir göstərə biləcək yeni prosesi başlada bilər. Xüsusilə Xəzər hövzəsindəki resursların beynəlxalq bazarlara çıxarılması ilə bağlı yeni axtarışlar əlaqədar ölkələr üçün mühüm geosiyasi sahə kimi ön plana çıxır". 

Müsahibimiz vurğulayıb ki, Orta Asiyanın Azərbaycan və Türkiyə üzərindən dənizlərə çıxışı, mümkün İran sanksiyalarının aradan qalxması ilə birlikdə ticarətin yayılma effekti bölgədə mühüm iqtisadi sürətlənmə yarada bilər:

"Əsas məsələ bu sürətlənmədə güc mərkəzinin Çin, Rusiya, ABŞ, Hindistan və Böyük Britaniya mərkəzli olub-olmayacağının müəyyənedici olmasıdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
sherg.az

1Mənbələr