AZ

Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub



Səbail Rayon İcra Hakimiyyətində "Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın memarlıq irsi" mövzusunda görüş keçirilib. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail Rayon Təşkilatının nümayəndəsi Əfəndi İbrahimli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektor müdiri Aqşin Hüseynli, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova və Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi hörmət və ehtiramla yad edilib. Toplantıçərçivəsində ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi kimi rayon ictimaiyyətinə təqdim edilib. Əpoş Vəliyev göstərilən etimada görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu vəzifə həm böyük məsuliyyət, həm də mənəvi yük daşıyır. Ə. Vəliyev 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin "Böyük Qayıdış" ideyasının reallaşması baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş qardaşı, mayor Vüsal Vəliyevin xatirəsini yad edərək bildirib ki, əsas məqsəd şəhidlərin arzularını gerçəkləşdirmək və doğma torpaqlara qayıdışı təmin etməkdir. Görüş zamanı Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunmasının vacibliyi və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunub. Əpoş Vəliyev qeyd edib ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu sahədə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcək. Sonda iştirakçılar bu kimi təşəbbüslərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıblar, gələcəkdə daha genişmiqyaslı görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olub. Bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələr, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri milli irsin qorunmasına və inkişafına xidmət edir.

Seçilən
4
3
baki-xeber.com

5Mənbələr