Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri hüquq elmləri doktoru, professor Kamil Səlimovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 40 ildən artıq hüquq elminə sədaqətlə xidmət göstərən Kamil Səlimov kriminalistika sahəsində fundamental tədqiqatlar aparıb, Azərbaycanda bu istiqamətin elmi əsaslarının möhkəmlənməsinə mühüm töhfələr verib. Alim yalnız elmi fəaliyyəti ilə deyil, həm də pedaqoji fəaliyyəti ilə yüzlərlə hüquqşünasın yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə formalaşan kriminalistika məktəbi bu gün də ölkənin hüquq-mühafizə və məhkəmə sistemində çalışan mütəxəssislərin hazırlanmasına töhfə verir. Qeyd edib ki, Kamil Səlimovun elmi irsi, hazırladığı dərslik və monoqrafiyalar hüquq elmi üçün qiymətli mənbədir.
BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Kamil Səlimovun zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun həyatının gənc hüquqşünaslara örnək olduğunu vurğulayıb.
Sonra “Professor Kamil Səlimovun həyat və yaradıcılığı haqqında”, “Azərbaycan Respublikasında kriminalistika elminin inkişafında professor Kamil Səlimovun rolu” mövzularında məruzələr dinlənilib. Qeyd olunub ki, Kamil Səlimovun rəhbərliyi ilə Kriminalistika və məhkəmə ekspertizası kafedrası mühüm inkişaf yolu keçib, tədris prosesinə müasir və innovativ yanaşmalar tətbiq olunub. Onun təşəbbüsü ilə “Rəqəmsal kriminalistika” və “Molekulyar kriminalistika” kimi yeni istiqamətlər üzrə tədris proqramları hazırlanıb. Kamil Səlimovun elmi fəaliyyəti yalnız akademik çərçivə ilə məhdudlaşmır. Onun terrorizmə qarşı mübarizə sahəsində apardığı tədqiqatlar, xüsusilə “Terrorizmin müasir problemləri” adlı monoqrafiyası beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və bu sahədə aparılan araşdırmaların əsas mənbələrindən birinə çevrilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli və digərləri professor Kamil Səlimovun hüquq elminin inkişafındakı xidmətlərini, elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, yubilyara uğurlar arzulayıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.