AZ

“Ən güclü silahlarımızdan istifadə edəcəyik” - Trampdan ŞOK xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların uğursuz olacağı təqdirdə Tehrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp “New York Post” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ artıq mümkün hərbi ssenariyə hazırlaşır və ölkənin hərbi gəmiləri ən müasir silahlarla təchiz edilir.

“Biz hazırda yenidən yüklənirik. Gəmilərimizi indiyədək yaradılmış ən yaxşı sursat və silahlarla doldururuq. Hətta əvvəllər istifadə etdiklərimizdən də daha güclüdür. Əgər razılaşma əldə olunmasa, biz onları tətbiq edəcəyik və bunu çox effektiv şəkildə edəcəyik”, – deyə Tramp bildirib.
ABŞ lideri Vaşinqton və Tehran nümayəndə heyətləri arasında planlaşdırılan görüşün nəticələrinin isə çox yaxın vaxtda bəlli olacağını qeyd edib.

Tramp bildirib ki, danışıqların nəticəsi barədə təxminən 24 saat ərzində aydınlıq yaranacaq.

“Bunu təxminən 24 saat ərzində biləcəyik. Tezliklə hər şey məlum olacaq”, – deyə o, görüşün uğurlu olub-olmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında gərginlik son aylarda yenidən artıb. Vaşinqton Tehranın nüvə proqramı və regional siyasəti ilə bağlı narahatlığını açıq şəkildə ifadə edir. Ekspertlər hesab edir ki, danışıqlar Yaxın Şərqdə vəziyyətin gələcək inkişafı baxımından həlledici ola bilər.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr