AZ

Həyat özü teatrdır Kamil Əfsəroğlu yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamil ƏFSƏROĞLU

Dəmiryol stansiyası rayon mərkəzində xeyli aralıdan Araz boyundan keçirdi. Axşamlar adamları şəhərə aparan, şəhərdən gətirən qatarların hərəkətini maraqla seyr edir, orda yaşayan stansiya uşaqlarına uzaqdan-uzağa həsəd aparırdıq.

Hər kəsin öz xəyali şəhəri vardı və bu xəyali şəhərlər nağıllardakı kimi möcüzəli, sirli-sehrliydi.

Adını eşidib üzünü görmədiyimiz şəhərlə bizim qəsəbəni bağlayan özgə bağlar da vardı: eşitmişdik ki, ellilərimiz Şamil Nəcəfov, Mənsur Həsənov, Əhəd Süleymanov paytaxtda milis rəisi işləyir. Çayçı Gülaranın oğlu Eldar Göy-göl restoranında bufetçidir, Dadaşın oğlu boksçu Vahidin qabağına şəhərdə çıxan yoxdur, Simuzərin oğlu Akif hündürlüyə tullanmaqda Azərbaycan çempionudur, Olimpiya çempionu Valeri Brumelin dostudur... Bütün bunlar uşaq təxəyyülümüzdə şəhəri bizə bir köynək yaxınlaşdırır, daha da sevdirirdi və o nağıllı, möcüzəli aləmi bircə dəfə də olsa görmək eşqi-həvəsiylə yaşayırdıq.

Şəhər havasını rayona qastrola gələn teatr truppası da gətirirdi. Truppanın gəlişiylə susqun əyalət həyatının həngi dəyişir, canlanma yaranırdı. Gündüzlər dükan-bazarda dolaşan gözəl-göyçək aktrisalardan bihuşedici ətir yayılırdı və bu ətrin rayihəsi havanın canına hopur, onlar gedənəcən çəkilmirdi.

Bakı artistləri bu dəfə də özləriylə rəngli, al-əlvan afişalar gətirmişdilər. Qəsəbənin mərkəzindəki qocaman çinarın gövdəsindən asılmış afişada yazıldığına görə klubda komediya göstərəcəkdilər. Rayonda qaldıqları üç-dörd gündə şəhərli artistlər yerli camaata elə isinişir, elə qaynayıb-qarışırdılar, sanki çoxdanın tanışları, tay-tuşlarıydılar. Sakinlərlə söhbətləşməkdən həzz alırdılar. Avtovağzalın kassiri Abbas kişinin, dükançı horovlu Bayramın sinninin ahıl çağında Moskvaya ərizə yazıb Yuri Qaqarinin ardınca kosmosa uçmaq istədiklərini biləndə, İsgəndərov Familin milis idarəsində ürəyiyuxalığına görə cəmi on beş gün işlədiyini və bu on-on beş gündə başına nələr gəldiyini eşidəndə, Cığal Əlişin cığallığını görəndə, lüləkababın rayona ilk dəfə Mingəçevir işığıyla bir vaxtda gəldiyini və kababçı İsabalanın lüləkabab bişirməyi öyrənənəcən üç-dörd əbrəş qoçun ətini zay elədiyini biləndə, Kefli Həşimin macəralarından hali olanda şəhərli artistlər qarınlarını tutub uğunurdular. Deyirdilər, bu rayon özü bir teatrdı, muzkomediyadı, bizim bura qastrola gəlməyimizə nə gərək var? Rayon Mədəniyyət Evinin həvəskar artistlərini də öyürdülər ki, bacarıqlıdırlar, istedadları başlarından aşır. Vələdin oğlu Çingizin qabiliyyətinə isə hayıl-mayıl olmuşdular. Onunla necə dostlaşmışdılarsa, bu dilli-dilavər, mehriban oğlana tamaşada qondarma rol da vermişdilər. Çingizin rolu sözsüz idi, səhnəyə çıxır, əlini gözünə günlük eləyir, guya uzaqlara baxırdı. Tamaşaya yamaq bu mizan beş-on saniyə çəksə də, salonu alqış səsləri bürüyürdü. O anda baş qəhrəmanı oynayan aktyorun belə bu yerli "artistə" paxıllığı tuturdu, bəlkə də həyatı boyu bu sayaq isti alqış eşitməmişdi. Bitmək bilməyən alqışlara görə tamaşa bir xeyli uzanırdı. Çingizin səhnəyə şəhərli artistlərlə çıxmasıyla hər kəs öyünürdü. Gündüzlər küçədə gəzişən artistlərə qoşulurdu. Qonaqlar kimi o da hər gördüyünə maraqla baxır, Ərdəşirin dəyirmanının donuzluğundan fışqıran suyun qıjıltısına, çax-çaxın çaqqıltısına elə diqqətlə qulaq asırdı, deyirdin bəs o da şəhərdən gəlib və dəyirman gördüyü indidir. Əllərini qoşalayıb Çinar kəhrizin buz təki suyunu elə iştah və yanğıyla içirdi, guya bu kəhrizin suyuyla böyüyən o deyildi.

Çingiz Bakı artistlərinə qoşulub getdi şəhərə. Hamı bu yaraşıqlı, qamətli oğlanın tezliklə məşhur teatr aktyoru olacağını gözləyir, inanırdılar ki, tezliklə səsi-sorağı aləmə yayılacaq, şəkili qəzet və jurnalları bəzəyəcək. 

Çingizdən ilk müjdəni Vahid doktor gətirdi. Doktor teatr azarlısıydı, Səməd Vurğunun "Vaqif", Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasına, "Leyli və Məcnun" operasına baxmaqdan ötrü hərdən yolunu şəhərə salır, baxıb ağlayırdı. Ağlamağını boynuna almasa da, amma görən olmuşdu. Tezdən qatardan düşüb, gəzib-dolaşır, axşam teatra gedir, tamaşadan da birbaşa özünü vağzala çatdırırdı. Deyirdi bəxtindən qatarın hərəkət cədvəli teatrın iş vaxtıyla uyuşur. Bir yol gecikdiyi olmuşdu. Perrona yetər-yetməz qatar tərpənmişdi. On dördüncü vaqonun bələdçisi Badam xala Vahid doktoru tanıyıb, tormoz kranını çəkib qatarı saxlamışdı, yoxsa doktor o gecəni vağzalda gecələməli olacaqdı. Deyirdi, vağzalda gecələməyin müşkülü yox idi, dərd xəstəxanada həkimin yolunu gözləyən xəstələrin dərdiydi. Vahid doktor o tamaşalara neçə dəfə baxdığının sayını-hesabını itirmişdi. Qəsəbə sakinləri onun şəhərdən qayıtmağını səbirsizliklə gözləyirdilər. Maraqlı, duzlu söhbətləri adamı valeh edirdi. Biz məktəblilər böyüklərdən qıraqda dayanıb maraqla qulaq asırdıq. Eşitdiklərimizi sanki səhnədə görürdük. Doktorun dediyinə görə, Çingizi "Azdrama"da dəfələrlə görüb, ancaq səhnədə yox, teatrın bufetində kilkə balığıyla araq içdiyi yerdə...

Yox, kim nə deyirsə-desin, insanlar teatrsız özgə halda-xasiyyətdə olarlar: hissiyyatsız, duyğusuz, qanısoyuq. Məşhurlardan birinin sözüdür: "Teatr insanlara həyatı dərk eləmək və onu sevmək üçün lazımdır..."

Artistlik qəribə peşədir, aktyorun ustalığı onun insanları aldada bilmək bacarığına görə dəyərləndirilir, yəni nə qədər yaxşı aldada bilirsənsə, bir o qədər də mahir sənətkarsan. Rus yazıçısı Maksim Qorkinin qadın personajının sözüdür: "Mən səhnəni sevirəm, lakin aktyor mühitindən qorxuram..."

Teatrı mənə Otello sevdirmişdi, Şeksprin bu qəhrəmanını səhnədən əvvəl həyatda görmüşdüm. Doğrusunu deyim, görəndə hətta qorxub xoflanmışdım da.

Orta məktəbin altıncı sinfində oxuyurdum. Avtovağzalın bufetindən limonad almağa getmişdim. İçəri püfərək bir zənci girdi, sir-sifəti kömür rəngindəydi, dişləri ağarırdı. Əynində orta əsrlərə xas uzun paltar, qulaqlarında iri sırğa vardı. Mən diksinib küncə çəkildim, əyalət qəsəbəsinə zənci hardan gəlib çıxmışdı? Özü də bizim dildə danışırdı. Zəncini görüb, bufetçi Aydının kefi duruldu.

- Salam, Otello! - qara müştərini salamladı.

- Salam, Aydın! Vaxtım azdır, tez yüz əlli araq süz! - qulağısırğalı mavr bufetçini tələsdirdi.

Bufetçi araq şüşəsinin ağzını açıb çappa stəkanı ləbələb doldurdu. Dedi:

- Sənətkar, yüz qram da mənnən pay!..

- Sağ ol! Payın artıq olsun! - mavr minnətdarlıq elədi. - Cəddi-babadan sənətkarları xalq dolandırıb.

- Otello, sən həmişə antraktda gəlirsən, tamaşadan sonra gəl, arxayın başını aç, onsuz da dünya beşgünlükdür, onun da biri "vıxodnoya" düşür. Amma sən canın, elə bu vid-fasondaca  - qrimdə gəl. Belə yaxşıdı, kef olar ee...

Otello deyilən qarabala əlini yellətdi.

- Eh, sən də... - dedi. - Tamaşanın sonunda pərdə bağlanan kimi səhnədəcə stol açır, yeyib-içirik, - boğazına çırtma vurdu. - Əsl teatr odur! Dönə-dönə Dezdemonadan üzr istəyirəm, onu boğduğuma görə. O isə məni yaxşı başa düşür, deyir, belə şeyləri ürəyinə salma, qarabala, taleyim belə yazılıb. Mənə hörmətin varsa, rolda içmə. Məni xırxalayıb boğanda araq qoxusu öfkəmi boğazıma qaldırırdı... Eh! Nə deyim? Yaxşı ki, klub avtovağzala yaxındır, gəlib yüz əlli-iki yüz vurmasam, əllərim əsər, Dezdemonanı boğa bilmərəm. Özüm də bilmirəm, niyə o yazığı...

- Sən neynəyəsən, axı? - bufetçi təəssüf hissiylə başını buladı. - Onun taleyini yazan belə yazıb.

Mavr törədəcəyi cinayətin günahını bəribaşdan yumaq istəyirdi, üzünü göyə tutub tövbə elədi:

- İlahi! Keç bəndənin günahından! - deyib arağı birnəfəsə başına çəkdi. Bir qırtıq qara çörəyi burnuna aparıb iylədi.

İçki onun qırımını bir andaca dəyişdirdi, qalın qaşları çatıldı, qara alnı qırışlandı, burnunu hul tutdu. Rola girmişdi:

Deyərəm: işimlə gülür səhərim, 

Bu xoşbəxt taleyə çatır dəyərim. 

Sevirəm, duyuram Dezdemonanı, 

Bizi ayıracaq bir qüvvə hanı?

Bufetdəki müştərilər əl çalıb Otellonu alqışladılar, mən də onlara qoşuldum.

Mavr səhnədəymiş kimi əllərini sinəsində çarpazlayıb bağır basdı. Üzünü bufetçiyə tutdu:

- Aydın, adımı yaz dəftərə, ayın başında hesablaşarıq, - deyib, iti addımlarla qapıya sarı yönəldi.

Aydın divardan asılmış nisyə dəftərini açıb, höccələyə-höccələyə yazdı: "Otello - vodka "Moskovskaya" 250 qr. 100 qramı paydır".

- Bədbəxt Dezdemona! - bufetçi dəftəri bağlayıb, dərindən ah çəkdi. Artisti qarasınca yamsıladı: "Sevirəm, duyuram Dezdemonanı..." Adamdan soruşarlar ki, sevirsənsə, ta niyə boğursan?

Aydının əlində əlacı olsaydı, mavrı doyunca arağa-çaxıra qonaq eləyər, onu fikrindən daşındırardı ki, gedib zavallı Dezdemonanı boğmasın və bununla da neçə əsrdi dünyanı qəm dəryasına qərq etmiş bir faciənin qarşısı alınardı.

Bufetçinin ağlından nə keçdisə, birdən-birə üzünün ifadəsi dəyişdi, deyindi:

- Araq bu zalım balasının ağlını alar, səhnədə zavallı qızı gerçəkdən boğar, onnan sonra mənim yaxam əllərdə qalar. Yazıq canım, gəl cavab ver...

O əhvalat olmasaydı, məndə teatra maraq kim bilir nə vaxt oyanacaqdı. "Otello"ya ikinci dəfə baxanda nəyəsə ümidliydim, elə bilirdim budəfəki tamaşada qısqanc mavr ağlını başına yığar, qara əllərilə Dezdemonanın ağappaq boğazından yapışıb onu boğmaz. Sən demə, bu, təkcə mənim yox, bütün tamaşaçıların arzusuymuş. Şər-hədyan qurbanının halına hamı acıyırdı, göz yaşı axıdanlar da olurdu. Teatr insanları nəyəsə inandıra bilirsə, deməli, o yaşayır.

Tamaşa bitəndən sonra yeni bir teatr başlayırdı, üz-gözünün qrimini tələm-tələs silib bayıra çıxan həvəskar artistlər özlərini camaata göstərməkdən ayrı həzz alırdılar. Adamlar pıçhapıçla onları göstərirdilər və artistlərə də bu gərək idi, belə diqqət-izzət onlara bəlkə zaldakı alqışlardan da şirin gəlirdi. Bu zümrədən olanları başa düşmürdüm, teatrdan kənarda, küçədə-bazarda da özlərini rolda görürdülər, könüllərindən keçirdi ki, səhnədəki təki həyatda da onlara çəpik çalsınlar. Məncə, aktyorlar yuxuda da alqış səsi eşidirlər...

Kim nə deyir-desin, hər halda artistlik əzablı, iztirablı peşədir, ən azından ona görə ki, aktyor bir ömürdə neçə-neçə ömür yaşayır. Bəlkə də buna görə insanlar artistləri hoqqabaz kimi tanıyırlar, guya bu binəvalar özgə planetdən gəliblər. Əslində, aktyor tayfasının cəmiyyətdə öz yeri var. Bəzən peşələrinin onların öz başına əngəl açdığı hallar da olur. Mən hələ "artistə veriləsi qızım yoxdur" deyib qapıdan elçi qaytaran valideynləri demirəm. Qəribədir ki, qədim dövrlərdə də bu sayaq düşünənlər olub, artistliyi özgə gözdə görüblər. Sonradan Molyer təxəllüsüylə aktyor, dramaturq və komediyalar kralı kimi tanınacaq iyirmi bir yaşlı Jan Batist Poklen fikrini atasına bildirib deyəndə ki, arzusu artist olmaqdır, yazıq kişinin ayağının altından yer qaçmışdı. Oğlunu dilə tutub bu fikirdən daşındırmaq istəmiş, demişdi artistlik hörmətsiz peşədir, hətta müqəddəs kilsə belə onlardan üz döndərib. Jan Batist Poklen inadından əl götürmür, ata evini xeyir-duasız tərk edib küçə aktyorlarına qoşulur. Sonradan isə onun yaratdığı teatr truppasına kral 14-cü Lüdovik özü himayədarlıq edir. Dünya ədəbiyyatına, dünya teatrına əvəzsiz komediyalar bəxş etmiş Molyer 1673-cü il 17 fevralda "Yalançı xəstə" tamaşasında oynayarkən səhnədə qıc olur, amma tamaşaçılar bunu mizan bilir, aktyoru alqışlayırlar. Kral 14-cü Lüdovikə xəbər çatanda ki, bəs Molyer ölüb, o deyib: "Molyer ölməzdir!"

Molyer yaradıcılığına bizim əyalət teatrında da müraciət olunurdu. "Zorən təbib"də Jerontu Həsən Həsənov, Sqanareli Eldar Əliyev, nökəri Məmməd Quliyev, süd anası Jaklinanı Nubar İbişova oynayırdı. Hər kəs də ürəyini qoyub oynayırdı. Tamaşalara axın vardı, anşlaqla keçirdi. Teatr həyatın güzgüsüdür və insanlar da bu güzgüdə özlərini, öz həyatlarını görürdülər. Adamların estetik zövqünün formalaşmasında, onların mənəvi dünyasının zəniginləşməsində yerli teatrın rolu böyük idi. Repertuarları maraqlıydı. Kollekiv iri həcmli əsərlərlə yanaşı, intermedialarla, yumorstik səhnəciklərlə, gülüş axşamlarıyla da çıxış edir, qonşu rayonlara qastrola gedirdi. Respublika teatr müsabiqələrində də uğurla iştirak edirdilər.

Qəribədir ki, səhnə cəfakeşlərinin özləri də "artist" sözündən xoşlanmırdılar, onları "aktyor" çağıranda isə fərəhləri yerə-göyə sığmırdı. Öz aralarında bir-birlərinə "sənətkar" deyə müraciət edənlər də vardı və bu adı daha üstün tuturdular.      

Rayon teatrının səhnəsində mən Dezdemonanı Ayna xalanın qızı Gözəlin oyununda qəbul edirdim. Otellonu oynayan Həsən üz-gözünü boyayıb qaraltsa da, onu mavr yerində görə bilmirdim. Elə bilirdim qısqanclıq üstündə Gözəli boğsaydı, yalnız istəklisi şofer Mustafa boğa bilərdi, nişanlısının üstündə yalnız onun haqqı vardı. Mustafanın haqqı bir də ona çatırdı ki, sevgilisinin səhnəyə qrimdə çıxmasına icazə vermirdi. Qrimi ayıb bilir və hər tamaşadan sonra klub müdiri Fərzəliyevi xəbərdar eləyirdi ki, Gözəlin artistkalığı toyacandı. Sürücü elə hökmlü danışırdı, guya kəbinləri göydə kəsilmişdi. Müdiri dərd götürürdü, Gözəlin simasında teatrın istedadlı bir aktrisanı itirəcəyi ilə barışa bilmirdi, hətta bəribaşdan Mustafanın üstünə minnətçi də salmışdı.

Rayon teatrı həvəskarların, səhnə eşqiylə yaşayanların hesabına fəaliyyət göstərirdi, aralarında vur-tut iki diplomlu artist vardı - Eldar Əliyev və Məmməd Quliyev. İncəsənət institutunu bitirmişdilər. Amma tamaşaçılar onlar qədər də Gözəli, Həsəni, Nubar İbişovanı alqışlayır, barmaqla göstərirdilər və belə çıxırdı ki, akyorluq savadı almadan da yaxşı artist olmaq mümkündür.

Cəfər Cabbarlının "Almaz" pyesində Həsən Həsənov Şərifi, Yaqut Abdullayeva isə Almazı oynayırdı. Şərifin Almaza eşq elan etdiyi mizanda maraqlı hadisə baş verdi. Şərif Almazı qucaqlayıb öpmək istəyəndə Yaqutun anası Bahar xala yerindən qalxıb: "Ədə ey! Özünü yığışdır!" - deyib necə cikkə çəkdisə, zaldakılar diksindilər. Bu dəmdə Yaqut (Almaz) Həsənin (Şərifin) qulağının dibindən karlı şillə tutuzdurdu, Həsənin papağı başından düşüb diyirləndi. Bahar xala: "Di get! Payını aldın!?" - deyib, bundan sonra sakitləşdi. Zalı alqış səsi bürüdü. Bahar xala yerindən qalxdı, əllərini sinəsində çarpazlayıb, tamaşaçılara baş əydi, yəni bu sürəkli alqışlarda onun da payı vardı...

Biz, altmışıncı illərin əyalət uşaqları, teatrı beləcə sevdik. Bu sənətə meyl salsaq da, sonradan yaşıdlarım, tay-tuşlarım arasında aktyorluq peşəsinə gedən olmadı. Amma mən yazılarımda bu sənəti bizə sevdirənlərdən, bu sənəti yaşadanlardan yeri gəldikcə söhbət açmış, bunu özümə borc bilmişəm.

O insanların çoxu indi həyatda yoxdur, onlardan yadigar qalan fotoşəkillər, duzlu-məzəli söhbətlər, şirin xatirələrdir...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr