AZ

Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Mərkəzi açılıb

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU) Qərbi Azərbaycan Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ziyalılar iştirak ediblər.

Əvvəlcə mərkəzin dəhlizində Qərbi Azərbaycanla bağlı hazırlanmış fotosərgiyə baxış keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Mərkəzinin açılması mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır. Qərbi Azərbaycan Mərkəzinin fəaliyyətə başlaması milli dəyərlərimizə, tariximizə, soykökümüzə olan ehtiram və diqqətin göstəricisidir. ADU-da Qərbi Azərbaycan mərkəzinin açılışı Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasətinə olan dəstəyin bariz nümunəsidir.

Daha sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, mərkəz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayacaq.

Mərkəzin açılmasında göstərilən diqqət və qayğıya görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən professor Əziz Ələkbərli mərkəzin fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında mərkəzin elmi, mədəni və tarixi əhəmiyyəti haqqında söz açıb. Bildirilib ki, mərkəz təkcə Qərbi Azərbaycan dəyərlərini deyil, bütöv Azərbaycanın milli və mənəvi dəyərlərinin təbliğində mühüm rol oynayacaq.

Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Amasiya rayonu üzrə icmanın sədri, akademik Abel Məhərrəmov Qərbi Azərbaycan Mərkəzinin açılışı münasibətilə iştirakçıları təbrik edib, mərkəzin gələcək fəaliyyətində uğurlar arzu edib.

Söylənilib ki, ADU-da Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırılması üçün əlverişli imkanlar mövcuddur. Belə ki, ADU-da iyirmidən çox xarici dil tədris olunur və universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə təşkil olunmaqdadır.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qərbi Azərbaycan Mərkəzinin rəhbəri Həqiqət Hacıyeva və digər çıxış edənlər mərkəzin açılışını yüksək qiymətləndirərək, onun fəaliyyətinə uğurlar arzulayıblar.

 

Seçilən
15
2
azertag.az

3Mənbələr