AZ

Azərbaycan biznesinə niyə "yardım etməyi" dayandırıb, dəyişiklikləri tətbiq etməyin vaxtı çatıb?

 

Sosial inklüziya sahəsində uzun illər fəaliyyət göstərən ekspert Aydın Xəlilov inklüzivliyin artıq sadəcə xeyriyyəçilik deyil, biznes üçün strateji üstünlük olduğunu bildirib.

 

O qeyd edib: “Son 20 ildə sosial inklüziya sahəsində yüzlərlə layihə gördüm. Təəssüflə qeyd etməliyəm ki, onların böyük əksəriyyəti birdəfəlik yardım modeli üzərində qurulmuşdu. Ərzaq bağlamaları, bayram ziyarətləri və ya texniki vasitələrin verilməsi vacib və nəcib addımlar olsa da, bunlar sistemli dəyişiklik deyil”.

 

QHT.az xəbər verir ki, müasir dövrdə inklüzivlik qlobal ESG (Ətraf Mühit, Sosial Məsuliyyət və İdarəetmə) standartlarının, eləcə də AZS IWA 48:2024 milli normalarının ayrılmaz hissəsinə çevrilib.

 

Ekspert bildirib: “Bu gün inklüzivlik xeyriyyəçilik və ya mərhəmət hissinin ifadəsi deyil. Bu, artıq qlobal standartların tərkib hissəsidir”.

 

Onun sözlərinə görə, inklüziv yanaşma şirkətlərə mühüm üstünlüklər qazandırır: “Müştərilər artıq sadəcə məhsul deyil, dəyərlər alırlar. İnklüziv brendlərə olan etimad və bağlılıq daha yüksəkdir”.

 

Aydın Xəlilov əlavə edib: “Tədqiqatlar göstərir ki, inklüziv komandalar daha yüksək dayanıqlılıq və kreativlik nümayiş etdirirlər. Fərqli baxış bucaqları yeni və daha effektiv həllərin yaranmasına səbəb olur”.

 

Ekspert vurğulayıb ki, beynəlxalq bazarlara çıxış üçün də bu amil vacibdir: “Bu gün bərabərlik və müyəssərlik prinsiplərinə riayət etmədən beynəlxalq bazarlara çıxmaq getdikcə çətinləşir. İnvestorlar və tərəfdaşlar ESG hesabatlarını tələb edirlər”.

 

O qeyd edib: “Əlilliyi olan insanlar sadəcə yardım alan subyektlər deyil, onlar işçi qüvvəsi, müştəri və dəyər yaradan bir qüvvədirlər”.

 

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs yaşayır: “Bu, təkcə sosial qrup deyil, ailə üzvləri ilə birlikdə böyük istehlak bazarıdır. Bu auditoriyanı nəzərə almayan biznes öz potensialının əhəmiyyətli hissəsini itirir”.

 

Sonda Aydın Xəlilov bildirib: “İnklüzivlik xərc maddəsi deyil, sərmayədir. Bu sərmayə daha güclü brend loyallığı, geniş müştəri bazası və innovativ iş mühiti yaradır. Azərbaycan biznesinin vaxtı çatıb ki, xeyriyyəçilikdən sistemli inklüzivliyə keçsin”.

Zəhra Ağayeva

Seçilən
16
qht.az

1Mənbələr