AZ

ABŞ-nin çox bahalı “Triton” pilotsuz aparatı Hörmüz üzərində yoxa çıxıb

Kəşfiyyat PUA-sı fövqəladə siqnal göndərdikdən sonra sürətlə hündürlük itirib, aqibəti naməlum qalır…

Poliqon xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton kəşfiyyat pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində itkin düşüb. Forbes nəşrinin məlumatına görə, aparat patrul uçuşu zamanı qəfil istiqamətini İran tərəfinə dəyişib və “kod 7700” — hava nəqliyyatında fövqəladə vəziyyət siqnalı — göndərib.

Bildirilir ki, pilotsuz aparat 52 min fut (təxminən 15,8 km) hündürlükdən sürətlə enməyə başlayıb. 10 min futdan aşağı düşdükdən sonra isə onun transponder siqnalı tamamilə itib. Hadisə açıq mənbəli FlightRadar24 platforması vasitəsilə izlənilib.

Hazırda PUA-nın qəzaya uğraması, İran tərəfindən vurulması və ya hansısa formada bazaya geri qayıtması ilə bağlı rəsmi təsdiq yoxdur. Məlumata görə, MQ-4C Triton son iki gün ərzində Hörmüz boğazı ətrafında hava məkanında iki dəfə patrul uçuşu həyata keçirib və son dəfə Fars körfəzi üzərində transponder nasazlığı qeydə alınarkən radarlarda görünüb.

Qeyd edilir ki, bu model pilotsuz aparat ölçülərinə görə sərnişin təyyarəsi olan Boeing 737 ilə müqayisə ediləcək qədər böyükdür və qanad açıqlığı onu belə təyyarələrdən də üstün edir. “Forbes” nəşri bu PUA-nın son dərəcə bahalı olduğunu vurğulayaraq belə yüksək dəyərə malik aparatların bu cür missiyalar üçün istifadəsinin məqsədəuyğunluğunu sual altına alır.

Məlumata əsasən, 2024-cü il büdcəsi təsdiqlənən zaman bir ədəd MQ-4C Triton-un qiyməti təxminən 187 milyon ABŞ dollarına çatıb. Bu isə onu hətta dəstək göstərməsi nəzərdə tutulan P-8 Poseidon təyyarəsindən də daha bahalı edir.

Texniki baxımdan MQ-4C Triton uzun mənzilli kəşfiyyat PUA-sı olmaqla həm dəniz, həm də quru üzərində geniş həcmdə məlumat toplamaq imkanına malikdir. Aparat radioelektron kəşfiyyat sistemləri ilə təchiz olunub, bu sistemlər vasitəsilə elektromaqnit siqnalların mənbələrini müəyyən edir, həmçinin radar zonalarından yayınmaq qabiliyyətinə malikdir. Bundan əlavə, o, görmə xətti xaricində yerləşən mənbələrdən məlumat ötürülməsində retranslyator funksiyasını da yerinə yetirə bilir.

Hadisənin detalları araşdırılır və regionda hərbi-siyasi gərginlik fonunda bu cür insidentin səbəbləri xüsusi diqqət mərkəzindədir.

Poliqon.info

Seçilən
48
4
poliqon.info

5Mənbələr