AZ

Yerlilər kölgədə, əcnəbilər göz önündə - Futbolumuzu gözləyən faciədən xəbəriniz olsun

Ölkədə ciddi futbolçu qıtlığı var.

Müstəqilliyimizin ilk 15-20 ilində sovet futbolundan çıxmış və ya o dövrdən qalmış sistemdə yetişən azərbaycanlıların hesabına qismən ayaqda qala bildik.

Tərlan Əhmədov, Vidadi Rzayev, Qurban Qurbanov, Musa Qurbanov, Müşfiq Hüseynov, Zaur Tağızadə, Bəxtiyar Musayev və.s çapda olan və nisbətən aşağı səviyyədə 100-dən çox oyunçu adı saymaq olar.

2009-cu ildə Qəbələ və Bakı futbol akademiyası yarandı.

Yuxarıda adını saydığım və o kateqoriyaya aid olanlar karyerasını bitirdikdən sonra tədricən meydan keçdi Bakı və Qəbələ akademiyasının yetirmələrinə.

Son illər ən yaxşı legioner həyatı yaşayan Mahir Emreli "Bakı" akademiyasının yetirməsidir.

Son 8-10 ildə klublarımızın ayaqda qalmasında xüsusilə "Qəbələ" akademiyasının rolu var.

"Qarabağ"dan Bəhlul Mustafazadə, "Neftçi"dən Emil Səfərov, "Qəbələ"nin kapitanı Murad Musayev, "Zirə"nin kapitanı Qismət Alıyev", "Araz Naxçıvan"ın kapitanı Urfan Abbasov "Qəbələ"də futbolun sirlərini öyrənib.

Bu gün ölkənin bir nömrəli oyunçusu sayılan Elvin Cəfərquliyevin də yolu "Qəbələ" akademiyasından keçib.

Digər elita təmsilçilərində və aşağı liqalarda forma geyinən 50-dən çox "Qəbələ" yetirməsi saymaq olar.

Hər birinin inkişafında legioner limitinin olması ciddi rol oynayırdı.

Bəhlul, Elvin, Qismət, Mahir oynaya-oynaya bu səviyyəyə çatıb.

Az da tənqid olunmayıblar.

Yerli oyunçuya ehtiyac olmasaydı Rəşad Sadıqov Elvini ofisantlıqdan futbola gətirməzdi.

Qurban Qurbanov Bəhlul Mustafazadəni "Sabah"ın ehtiyatından "Qarabağ"a gətirməzdi.

Emreli bu gün Almaniyada legioner həyatı yaşamazdı.

Düzdü, Avropa səviyyəsində çox oyunçu yetişdirmək mümkün olmadı.

Bu da səbəbsiz deyil. Əsaslı arqumentləri var.

Liqaların səviyyəsinin aşağı olması, digər klubların rəqabətdə uduzması və.s kimi.

İstənilən halda adıçəkilən akademiyalar ən azı liqalarımız səviyyəsində pis-yaxşı oyunçular araya-ərsəyə gətirə biliblər.

Bu gün artıq həmin akademiyalar yoxdur.

Legioner limitinin ləğvindən sonra isə yarımfabrikat akademiyalara diqqət daha da azalıb.

Onsuz da uşaq futboluna lazım olan qayğı göstərilmirdi. Ötən yaydan sonra elita təmsilçilərinə ümumiyyətlə akademiya ciddi mənada lazım deyil.

Sadəcə lisenziya şərtlərini qarşılamaq xarakteri daşıyır.

Limitin ləğvindən sonra "Turan Tovuz"un prezident Ehtiram Quliyev açıq bildirmişdi ki,

bizim həm akademiyaya pul ayırmağa, həm də legioner gətirməyə pulumuz yoxdur. Lazım olan mövqelərə gedib hazır əcnəbi oyunçular alacağıq.

Acı reallığı biri dilinə gətirə bilər, amma hamımız yaxşı bilirik ki, digər rəhbərlərdə də eyni təfəkkür hökm sürür.

Ən yaxşı halda gedib Afrikadan 16-17 yaşlı uşaqları ucuz qiymətə akademiyalara doldururlar.

Bu gün əvəzedici komandalarda belə oyunçuların sayı hər ötən gün artır.

Yaxşı yerli oyunçu üçün yaxşı akademiyaların olmalıdır.

O yoxdursa, ən azı limitin hesabına kimlərisə ortaya çıxara bilərsən. Birinci yoxdur, ikincinin də önü öt yay kəsildi.

Qısası, yerli oyunçulara qarşı illər öncə başlayan soyqırım bu gün daha sərt formada davam edir.

Meydan verilib əcnəbilərə.

Pul bitəndə, başımız açılanda yerli yada düşəcək.

Onda isə çox gec olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
34
sportinfo.az

1Mənbələr