525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxt Bakıdakı sıxlığı aradan qaldırmaq üçün universitetlərin bir qisminin rayonlara köçürülməsi məsələsi son illərdə müntəzəm olaraq gündəmə gətirilir. Hesab olunur ki, universitetlərin köçürülməsi şəhərdə nəqliyyat sıxlığını nisbətən azaldar və şəhər infrastrukturuna düşən yükü yüngülləşdirər. Bu addım həm təhsil sisteminin inkişafı, həm də regionların balanslı şəkildə inkişafı baxımından əhəmiyyətli hesab olunur. Əvvəla, universitetlərin regionlara köçürülməsi ölkə daxilində iqtisadi aktivliyin daha bərabər paylanmasına səbəb ola bilər. Paytaxtda cəmləşmiş tələbə və müəllim kontingenti digər şəhərlərə yönəldikdə, həmin bölgələrdə yeni iş yerləri yaranır, xidmət sektoru inkişaf edir və ümumi rifah səviyyəsi yüksəlir. Bu isə regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
Lakin bu prosesin müəyyən çətinlikləri də mövcuddur. Universitetlərin köçürülməsi böyük maliyyə vəsaiti tələb edir. Yeni kampusların tikilməsi, laboratoriyaların qurulması və akademik mühitin formalaşdırılması zaman və resurs baxımından mürəkkəb prosesdir. Düzgün planlaşdırma və mərhələli yanaşma ilə bu addım ölkənin ümumi inkişafına töhfə verə bilər. Bu səbəbdən belə qərarlar qəbul edilərkən bütün müsbət və mənfi tərəflər diqqətlə nəzərdən keçirilməlidir.
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapıb. Hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Prezidentin müvafiq fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.
Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.
Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur.
Təhsil eksperti Elçin Əfəndi deyir ki, Bakıda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə və ya paytaxta yaxın ərazilərə köçürülməsi fikri xüsusilə tələbə kontingenti yüksək olan universitetləri əhatə edir. Eyni zamanda şəhərin mərkəzində yerləşərək sıxlığa və infrastruktur yüklənməsinə səbəb olan ali məktəblərin paytaxtdan kənara çıxarılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu qərarın arxasında duran əsas ideya Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 2050-ci ilə qədər Bakının yenidən qurulmasını nəzərdə tutan Baş Plan çərçivəsində formalaşıb. Həmin strategiyada ali təhsil müəssisələri üçün xüsusi universitet şəhərciklərinin yaradılması planlaşdırılır. Bu şəhərciklər yalnız tədris binalarından ibarət olmayacaq, eyni zamanda tələbə yataqxanaları, müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və sosial infrastruktur obyektlərini də özündə birləşdirəcək. Məqsəd universitetləri bir məkanda cəmləşdirmək, vahid akademik mühit formalaşdırmaq və təhsilin keyfiyyətini yüksəltməkdir".
Onun sözlərinə görə, tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və sair daxildir. Tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər: "Universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir. Bəzi universitetlərin paytaxtdan çıxarılması məsələsi gündəmdədir. Bu fonda Bakı Dövlət Universiteti istisna olmaqla, tələbə kontingenti çox olan və yol-nəqliyyat infrastrukturuna, şəhərdə hərəkətin davamlılığına maneə yaradan universitetlərin Bakıdan kənara köçürülməsi daha məqsədəuyğun olardı. Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdən bəri həyata keçirilir. Məsələn, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur".
Ekspertin fikrincə, universitetlərin bölgələrə köçürülməsi həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər. Tələbə axını, müəllim heyətinin yerləşməsi, xidmət sektorunun genişlənməsi və ümumilikdə iqtisadi dövriyyənin artması regionlarda canlanma yaradacaq. Turizm, xidmət və digər sahələrdə də müsbət dinamika müşahidə oluna bilər. Bununla yanaşı, universitet şəhərciklərinin yaradılması təhsil prosesinə də müsbət təsir göstərəcək. Müəllim və tələbələrin eyni akademik mühitdə cəmləşməsi elmi müzakirələrin intensivliyini artıracaq, tədqiqat fəaliyyətini stimullaşdıracaq və nəticə etibarilə akademik göstəricilərin yüksəlməsinə gətirib çıxaracaq. Bu cür mühitdə innovativ yanaşmaların tətbiqi, elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi daha real görünür.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, bəzi universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması ölkədə regional inkişafın sürətləndirilməsi və elmi potensialın daha balanslı paylanması baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Bu prosesin əsas məqsədi yalnız universitetlərin fiziki olaraq köçürülməsi deyil, eyni zamanda regionlarda iqtisadi, sosial və elmi inkişafın stimullaşdırılmasıdır. Yanaşmaya görə, paytaxt yenə də ölkənin əsas akademik mərkəzi olaraq qalmalıdır və bütün universitetlərin köçürülməsi nə real, nə də məqsədəuyğundur. Lakin tətbiqi və praktik yönümlü ixtisaslar üzrə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin əsas kampuslarının və ya iri filiallarının regionlarda yerləşdirilməsi daha effektiv nəticə verə bilər. Belə addımlar regionlarda təhsil imkanlarını genişləndirə, yerli iqtisadi fəaliyyətlə təhsili daha sıx əlaqələndirə və kadr hazırlığını yerli ehtiyaclara uyğunlaşdıra bilər.
Millət vəkilinin sözlərinə görə, regionların seçilməsində əhali sayı, iqtisadi potensial və nəqliyyat əlçatanlığı kimi meyarlar əsas rol oynayır. Bu baxımdan sənaye və iqtisadi imkanları olan böyük şəhərlər, enerji və sənaye infrastrukturu inkişaf etmiş bölgələr, həmçinin turizm və aqrar potensialı yüksək regionlar ali təhsil mərkəzlərinin formalaşması üçün daha əlverişli hesab olunur. Eyni zamanda yenidən qurulan ərazilərdə universitetlərin yaradılması həmin bölgələrin sosial və iqtisadi dirçəlişinə də mühüm töhfə verə bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, universitetlərin paytaxtdan kənara köçürülməsi həm nəqliyyat yükünü azaldacaq, həm də tələbələrin xərclərinə müsbət təsir edəcək: "Tələbələr universitetə yaxın məsafədə yerləşdikdə onların nəqliyyat xərcləri azalır. Bu, həm onların, həm də valideynlərinin maddi yükünü yüngülləşdirir. Eyni zamanda şəhər nəqliyyatında sıxlıq da azalır. Tələbələrin şəhərdən çıxarılması və ya universitetlərin köçürülməsi kimi yanaşmaların iqtisadi mənfi təsirləri mütləq nəzərə alınmalıdır. Bu məsələ kompleks şəkildə idarə olunmalıdır".
İqtisadçı ekspert Natiq Cəfərliyə görə, işğaldan azad olunmuş bir neçə şəhərdə böyük tələbə şəhərcikləri yaratmaq mümkündür: "Bu, yalnız təhsil sahəsinin inkişafına deyil, eyni zamanda Qarabağ bölgəsinin məskunlaşmasına, iqtisadi aktivliyin artmasına və ümumilikdə regionun sosial həyatının canlanmasına mühüm töhfə verə bilər. Paralel olaraq, bu addım Bakının üzərindəki demoqrafik və infrastruktur yükünün azaldılması baxımından da əhəmiyyətli rol oynaya bilər. Burada əsas məsələ yalnız universitetlərin köçürülməsi ilə məhdudlaşmır. Söhbət tam mənada müasir standartlara cavab verən tələbə şəhərciklərinin, kampusların yaradılmasından gedir. Yəni bu, sadəcə universitet binasının başqa əraziyə köçürülməsi deyil, bütöv bir akademik-ekosistemin formalaşdırılması deməkdir. Təbii ki, belə genişmiqyaslı layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, müasir təhsil mühitinin yaradılması və yaşayış üçün əlverişli şəraitin təmin olunması böyük investisiya tələb edən prosesdir. Bu səbəbdən layihənin qısa müddətdə tam reallaşdırılması real görünmür. Çox güman ki, bu proses mərhələli şəkildə, bir neçə il ərzində həyata keçiriləcək. Məhz bu baxımdan, planlı və addım-addım yanaşma daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Xankəndi, Ağdam və Füzuli kimi şəhərlərin tələbə şəhərciklərinə çevrilməsi bu baxımdan diqqət çəkən variantlardır. Bu şəhərlərin coğrafi mövqeyi, yenidənqurma imkanları və strateji əhəmiyyəti nəzərə alınaraq, burada müasir universitet kampuslarının yaradılması mümkündür. Belə bir yanaşma həmin ərazilərin sürətli məskunlaşmasına, yeni iş yerlərinin yaranmasına, xidmət sektorunun inkişafına və ümumilikdə Qarabağ iqtisadiyyatının dirçəlməsinə güclü təkan verə bilər".
Sevinc QARAYEVA
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.