Fransanın köklü klublarından olan "Bordo" (Girondins de Bordeaux) növbəti böyük böhranla üz-üzədir.
Offsideplus.az xəbər verir ki, FIFA İspaniyanın "Sportinq Xixon" klubunun şikayəti əsasında fransızlara ağır sanksiya tətbiq edib.
Martın 27-dən qüvvəyə minən qərara əsasən, "Bordo" növbəti üç transfer dövründə heyətinə yeni futbolçu qata bilməyəcək. Bu qərar klubun onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirib.
Sanksiyanın kökündə 2023-cü ildə reallaşan Pedro Diasın transferi dayanır. "Sportinq Xixon" tərəfi iddia edir ki, "Bordo" bu transferə görə ödənilməli olan 1.5 milyon avro məbləğində borcu hələ də bağlamayıb. Məhz bu maliyyə öhdəliyinin yerinə yetirilməməsi FIFA-nın sərt addım atmasına səbəb olub.
Hazırda dördüncü divizionda (National 2) çıxış edən "Bordo" klubunun rəhbərliyi qadağanın ləğvi üçün hərəkətə keçib. Klubun vəkili Mattyö Barandas bildirib ki, onlar bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəklər. Klub rəhbərliyi hüquqi baxımdan haqlı olduqlarını və yay transfer pəncərəsinə qədər qadağanı qaldırmağa çalışacaqlarını bəyan edib.
Xatırladaq ki, bir vaxtlar Fransanın ən güclü klublarından olan "Bordo" son illərdə ciddi maliyyə sıxıntıları səbəbindən peşəkar statusunu itirmiş və aşağı liqalara qədər geriləmişdi.