AZ

Dollarla bağlı ÖNƏMLİ AÇIQLAMA

Qlobal miqyasda artan geosiyasi gərginliklər maliyyə bazarlarında dalğalanmanı gücləndirib və investor davranışlarına birbaşa təsir göstərməkdədir. Xüsusilə böyük güclər arasında baş verən qarşıdurmalar enerji qiymətlərindən tutmuş kapital axınlarına qədər bir çox sahədə qeyri-müəyyənlik yaradır. Bu proseslər fonunda inkişaf etməkdə olan ölkələrin milli valyutaları da təzyiq altında qala bilər. Azərbaycan iqtisadiyyatı üçün də belə risklərin mümkün təsirləri aktuallığını qoruyur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Azər Bayramlı bildirib ki, qlobal geosiyasi gərginliklər həqiqətən də bir çox ölkələrin milli valyutalarına təzyiq yaradır, amma manatın vəziyyəti bir qədər fərqlidir:

“Azərbaycan üzən məzənnəyə tam keçməyib və manat əsasən Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə olunan rejimdə saxlanılır. Bu o deməkdir ki, məzənnə bazarın sərbəst dalğalanmasından çox, dövlətin valyuta ehtiyatları və siyasəti ilə qorunur. Hazırda əsas amil neft və qaz gəlirləridir. Əgər enerji qiymətləri yüksək qalarsa və xüsusilə neft bahalaşarsa, ölkəyə daxil olan valyuta axını artır və bu, manatı sabit saxlayan əsas faktorlardan biridir. Bu baxımdan qlobal risklərin artması paradoksal olaraq Azərbaycan üçün müəyyən dərəcədə qoruyucu effekt də yarada bilər. Amma risk ssenariləri də var. Əgər qlobal böhran dərinləşərsə, kapital axınları zəifləyər, ticarət tərəfdaşlarında iqtisadi durğunluq yaranar və ya enerji qiymətləri sonradan kəskin düşərsə, manat üzərində təzyiq arta bilər. Belə hallarda ya valyuta ehtiyatları hesabına məzənnə qorunur, ya da tədrici devalvasiya baş verə bilər”.

O deyib ki, qısa və orta müddətdə ən real ssenari manatın sabit saxlanılmasıdır:

“Çünki dövlətin kifayət qədər valyuta ehtiyatları var və məzənnənin kəskin dəyişməsi iqtisadi və sosial baxımdan arzuolunan deyil. Kəskin devalvasiya yalnız çox ciddi və uzunmüddətli xarici şoklar halında mümkün görünür. Hazırkı şəraitdə manat üçün əsas risk birbaşa geosiyasətdən çox, bu gərginliyin enerji qiymətlərinə və ixrac gəlirlərinə necə təsir etməsindən asılıdır”./demokrat.az/

Seçilən
28
nocomment.az

1Mənbələr