Trendyol Süperliqanın 29-cu həftəsinin açılış matçında azarkeşlər əsl qol yağışının şahidi olublar.
Offsideplus.az xəbər verir ki, öz meydanında "Antalyaspor"u qəbul edən "Beşiktaş" rəqibini 4-2 hesabı ilə məğlub edərək mühüm 3 xal qazanıb.
"Tüpraş" stadionunda keçirilən qarşılaşmaya meydan sahibləri olduqca sürətli başlayıblar. Cəmi 5-ci dəqiqədə kapitan Orkun Kökçü hesabı açıb. Bu qoldan cəmi 4 dəqiqə sonra, 9-cu dəqiqədə Jota Silva fərqi ikiyə çıxararaq "ağ-qaralar"ı rahatladıb.
Qonaq komanda erkən qollardan sonra toparlanmağa çalışıb. 20-ci dəqiqədə Erdoğan Yeşilyurtun ötürməsini baş zərbəsi ilə qola çevirən Van de Streek fərqi birə endirib. Lakin "Beşiktaş" nəzarəti əldən verməyib. 32-ci dəqiqədə cənubi koreyalı hücumçu Hyeon-gyu Oh səhnəyə çıxaraq ilk yarının hesabını müəyyənləşdirib: 3-1.
İkinci hissə də yüksək tempdə başlayıb. 47-ci dəqiqədə Samuel Balletin uzaq məsafədən vurduğu qol "Antalyaspor"un geridönüş ümidlərini artırıb. Lakin 58-ci dəqiqədə Kartal Kayranın zərbəsindən sonra qapıçıdan dönən topu tamamlayan Hyeon-gyu Oh özünün ikinci, komandasının isə dördüncü qoluna imza atıb.
Qalan dəqiqələrdə başqa qol olmayıb və "Beşiktaş" bu qələbə ilə xallarının sayını 55-ə yüksəldib. Çempionatın son həftələrinə daxil olarkən təhlükəli zonadan uzaqlaşa bilməyən "Antalyaspor" isə 28 xalla qalıb.
Matçın qəhrəmanı dubl edərək qələbədə böyük pay sahibi olan Hyeon-gyu Oh seçilib.