
Hörmüz boğazında ticarət axınının tam bərpa olunmaması təqdirində Avropa hava limanlarının üç həftə ərzində təyyarə yanacağı məhdudiyyəti ilə qarşılaşa biləcəyi bildirilir.
AFN.az xəbər verir ki, Britaniyanın "Financial Times" qəzetinin Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACI Europe) Avropa İttifaqı (Aİ) Komissiyasına göndərdiyi məktuba istinadən yaydığı məlumata görə, qurum sektorun yanacaq ehtiyatlarının sürətlə tükəndiyi barədə xəbərdarlıq edib.
Məktubda qeyd olunur ki, Hörmüz boğazında ticarət hərəkətliliyi üç həftə ərzində tam normallaşmazsa, Avropadakı hava limanları təyyarə yanacağı təchizatında sistemli qıtlıqla üz-üzə qalacaq. ABŞ/İsrail-İran müharibəsinin fevralın 28-də başlamasından sonra boğazdan keçən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulunun tədarükündə ciddi fasilələr yaranıb.
Təklif çatışmazlığı səbəbindən Avropa ölkələrində təyyarə yanacağının qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə 100 faiz artaraq rekord həddə çatıb. IATA məlumatlarına görə, qlobal təyyarə yanacağı indeksində fevralın 27-də bir barel üçün 99,4 dollar olan qiymətlər aprelin 3-də 110 faiz artımla 209 dollara yüksəlib.
Şimal-Qərb Avropada yanacağın sığorta və daşınması daxil olmaqla qiyməti isə 216,9 dollara çatıb. S&P Global Energy-nin statistikasına əsasən, Yaxın Şərqdən Şimal-Qərb Avropaya hər gün 177 min barel yanacaq daşınır ki, bu da Avropanı Fars körfəzindən gələn tədarükdən yüksək dərəcədə asılı edir.
Artıq İtaliyanın bəzi hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb, bir sıra aviaşirkətlər isə müharibənin davam edəcəyi təqdirdə Avropa miqyasında yay uçuşlarının böyük risk altında olacağı barədə xəbərdarlıq ediblər.