ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İranın nüvə proqramından narahatlığınş ifadə edib. O bildirib ki, Tehran nüvə silahı əldə edərsə, yaratdığı təhlükə ötən əsrdəki nasist Almaniyası və imperiya Yaponiyasının təhlükəsindən dəfələrlə böyük ola bilər.
Musavat.com xəbər verir ki, Bolton bu barədə açıqlamasında İranın yalnız nüvə proqramı ilə kifayətlənmədiyini, eyni zamanda Yaxın Şərqdə gücləndiyini vurğulayıb.
Bolton tarixi paralel apararaq xatırladıb ki, 1938-ci ildə Böyük Britaniyanın gələcək baş naziri Uinston Çörçill “İngiltərə yatarkən” adlı çıxışlar toplusunda Hitler Almaniyasının artan təhlükəsi barədə xəbərdarlıq etmişdi. Lakin həmin dövrdə bu çağırışlar həm parlamentdə, həm də cəmiyyətdə demək olar ki, nəzərə alınmamışdı.
Onun sözlərinə görə, həmin illərdə Çörçill nasist Almaniyası və Yaponiya imperiyasına qarşı. demək olar ki, təkbaşına mübarizə aparırdı və tarix göstərdi ki, bu xəbərdarlıqların qulaqardına vurulması ağır nəticələr doğurdu.
Bolton hesab edir ki, hazırkı İran rəhbərliyi hərbi və iqtisadi baxımdan keçmişin böyük imperiyaları qədər güclü olmasa da, nüvə silahı əldə edəcəyi halda yaratdığı təhlükə daha ciddi ola bilər.
Onun sözlərinə görə, Tehran bir tərəfdən nüvə proqramını inkişaf etdirir, digər tərəfdən isə regionda terror şəbəkələrini gücləndirir, müdafiə imkanlarını genişləndirir və Yaxın Şərqdə dominant gücə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Bolton həmçinin qeyd edib ki, hazırkı atəşkəs rejimi İranın bu strateji hədəflərini dəyişmir. O bildirib ki, İran uzun illər ərzində öz hərbi və strateji potensialını artırdığı halda, həm ABŞ, həm də ərəb dünyası bu prosesə kifayət qədər diqqət yetirməyib. Nəticədə Tehran bu gün xarici hücumlara qarşı uzun müddət müqavimət göstərə biləcək gücə sahibdir və hətta Fars körfəzi ilə Hörmüz boğazını bağlamaq imkanlarını da nümayiş etdirir. Boltonun fikrincə, əgər bu imkanlara nüvə silahı da əlavə olunarsa, vəziyyət daha təhlükəli mərhələyə keçə bilər. ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri hesab edir ki, bu risklərin qarşısını almaq üçün hələ vaxt var. Lakin bunun üçün İranda mövcud siyasi rəhbərlik dəyişməsi zəruridir.
O, həmçinin son həftələrdə üzə çıxan faktların İran hakimiyyətinin Yaxın Şərqdə enerji resursları üzərində hegemonluq qurmaq niyyətini göstərdiyini də iddia edib.
E.Məmmədəliyev,
Musavat.com