AZ

Budanovdan mühüm mesaj: “Ukraynada müharibə tezliklə bitə bilər”

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya-Ukrayna müharibəsinin perspektivləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Budanov Bloomberg agentliyinə müsahibəsində Ukrayna ilə Rusiya arasında sülh razılaşması ehtimalına ehtiyatlı optimizmlə yanaşdığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın da iştirak etdiyi üçtərəfli danışıqlarda tərəflər üçün qəbul edilə bilən “qırmızı xətlər” artıq daha aydın şəkildə müəyyənləşib. Budanov bunu danışıqlar prosesində “böyük irəliləyiş” kimi qiymətləndirib.

Prezident Ofisinin rəhbəri qeyd edib ki, sonuncu raundu fevral ayında Cenevrədə keçirilən danışıqlar zamanı münaqişənin sülh yolu ilə həlli istiqamətində müəyyən addımlar atılıb.

Budanovun fikrincə, artıq bütün tərəflər müharibənin davam etməsinin mənasız olduğunu anlayır.

“Hamı başa düşür ki, müharibəni bitirmək lazımdır”, – deyə o bildirib.

Ukraynalı rəsmi əlavə edib ki, müharibənin başa çatması gözləniləndən daha tez baş verə bilər.

“Mən düşünmürəm ki, bu çox uzun çəkəcək”, – Budanov vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu ilə başlayıb və indiyədək regionun təhlükəsizlik balansını kökündən dəyişən ən böyük münaqişələrdən biri hesab olunur. Son aylarda isə beynəlxalq vasitəçilik səylərinin artdığı müşahidə edilir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
20
6
musavat.com

7Mənbələr