AZ

Azərbaycan nümunəsi

Mütləq qələbəsini təmin edən ölkəmiz xaos dövrünü yaşayan dünyanın təhlükəsizlik və sabitlik adasıdır 

Dünya qeyri-müəyyənlik erasının ağrısını yaşayır. Bəşəriyyət qloballaşmanın gətirdiyi mürəkkəb sınaqlar və kəskin geosiyasi sarsıntılarla üz-üzədir. Planetin bir çox nöqtəsi maliyyə tənəzzülü, siyasi iflic və hərbi qarşıdurmaların meydanına çevrilib. Xüsusilə regionumuzda və qonşu coğrafiyalarda alovlanan münaqişələr qlobal təhlükəsizlik arxitekturasını darmadağın edir, dövlətlərarası etimadı sarsıdır və beynəlxalq əməkdaşlığı zəiflədir. İllərdir davam edən münaqişələr göstərir ki, beynəlxalq hüquq normaları və BMT kimi təsisatlar artıq çəkindirici funksiyanı yerinə yetirə bilmir. Yaranmış riskli mənzərə dünyanı "güclünün haqlı olması" prinsipinə geri qaytarır ki, bu da qlobal təhlükəsizlik üçün ən böyük təhdiddir. 

Problem həm də ondadır ki, indiki müharibələr artıq lokallaşdırıla bilmir və zəncirvari reaksiyalara səbəb olur, sosial-iqtisadi balansı pozur. Təhlükəsizliyi təhdid edən əsas amil təkcə fiziki savaşlar deyil, həm də hibrid təhdidlərdir. Kiberhücumlar, dezinformasiya müharibələri və iqtisadi sanksiyalar da dövlətlər arasındakı etimadı tamamilə məhv edir. Böyük güclərin regional münaqişələrə birbaşa və ya proksi qüvvələr vasitəsilə müdaxiləsi nüvə eskalasiyası riskini də artırır. Bu isə konkret bir regionun yox, bəşəriyyətin mövcudluğunu təhdid edən kritik problemdir. 

2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsinin dalan vəziyyəti XXI əsrin ən böyük humanitar, iqtisadi və geosiyasi fəlakətinə çevrilib. Dördillik döyüşlər hər iki tərəf üçün dəhşətli itkilərlə nəticələnib. Sonu görünməyən müharibədə ölən və yaralananların sayı artıq 2 milyona yaxınlaşır. Ukrayna əhalisinin 25 faizdən çoxu ölkədən didərgin düşüb. Dünya Bankı ölkədə bərpa işlərinə 600 milyard dollardan çox vəsait lazım olduğunu açıqlayıb. Rusiya da ciddi hərbi itkilərlə yanaşı, demoqrafik böhran və iqtisadi çöküşlə üzləşib. Müharibənin maddi dəyəri trilyon dollarlarla ölçülür. Ölkənin iqtisadiyyatı tamamilə müdafiə sənayesinə yönəlib ki, bu da mülki sektorun çökməsinə və inflyasiyanın kəskin artmasına səbəb olub. Enerji ixracına tətbiq olunan məhdudiyyətlər inkişaf etməkdə olan ölkələrdə aclıq riskini artırıb. 

2026-cı ilin fevral ayının sonunda başlayan və 40 gün davam edən Yaxın Şərqdə də müharibə kritik mərhələni adlamayıb. Münaqişənin ilk saatlarında ABŞ və İsrail yüksək texnoloji hava üstünlüyü ilə İranın hərbi və nüvə infrastrukturunu qısa zamanda sıradan çıxaracağını, İran isə rəqiblərini geri çəkilməyə məcbur edəcəyini düşünürdü. Lakin ehtimallar özünü doğrultmadı. Əksinə, müharibə daha geniş coğrafiyaya yayıldı və bütün Körfəz ölkələri raket hücumlarına məruz qaldı. Münaqişənin 40 gün davam etməsi, bir çox ölkənin hava məkanını beynəlxalq uçuşlar üçün bağlaması dünya iqtisadiyyatını, qlobal neft daşımalarını koma vəziyyətinə saldı. Hörmüz boğazının qismən bağlanması neftin qiymətinin kəskin qalxmasına, enerji asılılığı olan Avropa və Asiya ölkələrində inflyasiyaya yol açdı. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ikihəftəlik kövrək atəşkəs elan edilsə də, nəticənin necə olacağı bəlli deyil. Atəşkəsin ara-sıra pozulması hərbi əməliyyatların yenidən başlayacağı ehtimalını artırır. İsrailin Livan cəbhəsindəki təhlükəni tam aradan qaldırmadan atəşkəsdə tərəddüd etməsi sülh təşəbbüslərinin səmərəliliyini sual altına qoyur. 

İdarəolunmaz xaos mühitində dövlətlərin öz daxili nizamını qoruması və iqtisadi tərəqqini davam etdirməsi strateji zərurətdir. Bugünkü reallıqlar fonunda Azərbaycan, sözün əsl mənasında, dünya okeanında fırtınalardan uzaq təhlükəsizlik və sabitlik adasıdır. Ölkəmizin qüdrətini şərtləndirən ən mühüm amil daxili təhlükəsizliyin təmin olunması və ictimai-siyasi harmoniyadır. Bu sabitliyin mayasında isə birbaşa milli maraqlara və xalqın iradəsinə söykənən uzaqgörən siyasi kurs dayanır. Vətəndaşlarımızın yüksələn sosial rifahı, təhlükəsiz yaşayışı və davamlı inkişafın təminatı məhz bu siyasətin bəhrəsidir. Mövcud reallıq həm də nüfuzlu beynəlxalq agentliklərin hesabatlarında Azərbaycanın yüksəkreytinqli statusu ilə öz təsdiqini tapır. 

Azərbaycan dövləti milli təhlükəsizliyin qorunmasına konseptual və çevik bir yanaşma nümayiş etdirərək, istənilən xarici və daxili təhdidləri hələ rüşeym halındaykən neytrallaşdırmaq iqtidarındadır. Ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmini də daxildəki monolit birliyin, Prezident İlham Əliyevin polad iradəsinin nəticəsidir. Azərbaycandakı xalq-iqtidar birliyi uğurlarımızın qarantı və ölkəmizi bütün təhdidlərdən qoruyan ən etibarlı sipərdir. Xalqımız dövlətimizin başçısının yürütdüyü siyasəti tam dəstəkləyir və qəti inam bəsləyir. 

Xüsusən, sonu görünməyən qlobal münaqişələr fonunda Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm qələbəsi və ardınca sülh təşəbbüsü ilə çıxış etməsi daha çox ön plana çıxır. Müasir hərb tarixində əksər münaqişələr "dondurulmuş" və ya "tükəndirmə" mərhələsinə keçdiyi halda Azərbaycanın 2020-ci il Zəfəri bir neçə səbəbdən yeganə mütləq qələbə nümunəsi hesab olunur. Digər müharibələrdən fərqli olaraq 44 günlük savaşda Ermənistan rəsmən təslim sənədini imzaladı və ordusunun məğlubiyyətini etiraf etdi. Münaqişə "atəşkəs xətti" ilə yox, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, suverenliyimizin bütün ölkə ərazisində tam təmin edilməsi ilə nəticələndi. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyulması hərb elmində yeni nəsil müharibə standartı kimi qəbul edildi. Şanlı ordumuz texnoloji üstünlüklə klassik müdafiə sədlərini darmadağın edərək hərbi əməliyyatların müddətini minimuma endirdi.

Azərbaycanın möhtəşəm qələbəsi həm də bir dövlətin beynəlxalq təzyiqlərə rəğmən öz taleyini necə dəyişə biləcəyinin nümunəsidir. Dünya birliyi illərlə BMT-nin 4 qətnaməsini icra etmədiyi halda Azərbaycan bunu hərbi-siyasi yolla, öz imkanları sayəsində reallaşdırdı. Ukrayna və Yaxın Şərqdəki münaqişələrdə böyük güclər bir-biri ilə birbaşa toqquşsa da, Azərbaycan rəhbərliyinin regional və qlobal güclərlə balanslı siyasəti kənar müdaxilələrə imkan vermədi. 

44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirləri həm də onu göstərdi ki, ən müasir texnologiyalar belə insan amili və milli ruh olmadan həlledici ola bilməz. Dağlıq və çətin relyefdə yüngül silahlarla və əlbəyaxa döyüşlə torpaqlarımızın düşməndən təmizlənməsi dünya hərb tarixinə rəşadət nümunəsi kimi düşdü. Bu, Azərbaycan əsgərinin psixoloji üstünlüyünün və vətən sevgisinin sübutu idi. Hərbçilərimizin mülki əhalini qoruması, hədəfləri dəqiqliklə məhv etməsi və ən kritik anlarda misilsiz qəhrəmanlığı müharibənin taleyini həll edən əsas hərəkətverici amil oldu. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və sarsılmaz iradəsi bu qələbənin təməlində dayanan əsas amillərdir. Prezidentimiz müharibə boyunca xarici təzyiqlərə, beynəlxalq təşkilatların "münaqişənin hərbi həlli yoxdur" tezislərinə baxmayaraq, geri çəkilmədi, milli maraqları hər şeydən uca tutdu. Savaşın davam etdiyi müddətdə xarici mediaya verilən 30-dan çox müsahibə Azərbaycanın haqlı səsini dünyaya çatdırdı. Bu, düşmənin illərlə qurduğu dezinformasiya blokadasını dağıdan intellektual cəbhə idi. Prezident İlham Əliyevin "nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fəlsəfəsi Azərbaycanın həm döyüş meydanında, həm də masa arxasında maksimum yüksək əhəmiyyətli nəticə ilə tamamlandı. Dövlət başçısının bu ifadəsi Azərbaycanın kənar təzyiqlərə boyun əymədən, ən uyğun geosiyasi və hərbi məqamı gözlədiyinin təsdiqidir. Bakının diktəsi və İrəvanın qeyd-şərtsiz kapitulyasiya şərtlərini qəbul etməsi də Azərbaycan liderinin prinsipiallığının zirvəsi idi. 

Prezident İlham Əliyevin müxtəlif dövrlərdə səsləndirdiyi fikirlər və strateji addımları qələbəmizin ideoloji sütunlarını təşkil edirdi. Müharibənin ilk günlərindən etibarən "dəmir yumruq" milli həmrəyliyin rəmzinə çevrildi. Məhz bu şüar düşmənə qarşı birliyin və Azərbaycan Ordusunun məğlubedilməzliyinin mesajı idi. Dövlətimizin başçısı göstərdi ki, xalq və ordu vahid hədəf üçün birləşəndə heç bir maneə onları dayandıra bilməz. 2023-cü ilin antiterror tədbirlərindən sonra dövlətimizin başçısı Xankəndidə Azərbaycan bayrağını ucaldarkən qələbəni zəruri edən əsas amili belə şərh etdi: "Bu gün biz tariximizin yeni dövrünə qədəm qoyuruq. Biz sübut etdik ki, biz böyük xalqıq, öz taleyimizin sahibiyik". Dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirləri də bu günümüzlə tam uzlaşır: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq".

Tarixə möhürünü vuran qələbəmizi zəruri edən digər faktorlar illərlə səbir və təmkinlə hazırlanan maddi-texniki baza idi. Müttəfiq ölkələrlə qurulan hərbi-texniki əməkdaşlıq ordumuzu XXI əsrin standartlarına çatdırdı. Azərbaycanın xarici yardımlardan asılı olmayan iqtisadiyyatı müharibənin bütün xərclərini öz resursları hesabına qarşılamağa imkan verdi. Bu da dövlətimizin siyasi manevr imkanlarını genişləndirdi. Antiterror tədbirləri isə 44 günlük müharibənin məntiqi yekunu oldu. Bir gündən az müddətdə Qarabağda yurd salmış qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi ərazimizdə separatçılığın kökünü kəsdi. Qlobal münaqişələrin illərlə həllini tapmadığı bir şəraitdə Azərbaycanın öz problemini qısa müddətdə və köklü şəkildə həll etməsi sözsüz ki, İlham Əliyevin strateji dühasının və xalq-iqtidar vəhdətinin əyani təzahürü idi. 

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu regional inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Ermənistanla sülh prosesi, beynəlxalq tərəfdaşların sayının artması, Avropanın enerji təhlükəsizliyindəki rolumuz və digər məsələlər Azərbaycanın həm daxildə, həm də xaricdə tam müstəqil və praqmatik siyasət yürütdüyünü deməyə əsas verir. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr