AZ

“Pasxa atəşkəsi” elan edildi

Yaxın Şərqdə mövcud gərginlik fonunda Rusiya-Ukrayna müharibəsi daha da şiddətlənir. Hazırda Kiyevə müttəfiqləri tərəfindən hərbi dəstəyin azalması nəticəsində qarşı tərəf hücumlarını gücləndirib. Belə bir şəraitdə təxminən bir həftə əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı münasibətilə atəşkəs təklif etmişdi. O, Vaşinqton vasitəsilə bu təklifi Moskvaya çatdırmışdı. O ümid etdiyini bildirmişdi ki, ABŞ Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək. Pasxa bayramı aprelin 12-dədir. “Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu demişəm və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik”, - deyə o söyləmişdi. Lakin ABŞ və Rusiyadan bu təklifə reaksiya olmadıqdan sonra Zelenski qarşı tərəfə enerji sektoruna hücumla bağlı qarşılıqlı atəşkəs təklif etmişdi. Lakin bu təklifə də heç bir reaksiya yoxdur.

Putinin qərarı, Zelenskinin mövqeyi...

Lakin Ukrayna Prezidentinin məyusluğu fonunda Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən Pasxa bayramı münasibətilə atəşkəs elan edib. Bu barədə Kremlin yaydığı açıqlamada bildirilib ki, atəşkəs aprelin 11-i saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq. Vladimir Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində hərbi əməliyyatları dayandırmağı, eyni zamanda, mümkün təxribatlara qarşı cavab verməyə hazır olmağı tapşırıb. Moskva Ukrayna tərəfinin də Pasxa atəşkəsi təşəbbüsünə qoşulacağını gözlədiyini açıqlayıb.

Rəsmi Moskva bu qərarı verməklə Kiyevin təklifi ilə deyil, özünün müstəqil şəkildə atəşkəs elan etdiyini nümayiş etdirir. Vladimir Putinin qərarına Ukrayna Prezidentinin cavabı özünü çox gözlətməyib. V.Zelenski ölkəsinin də buna uyğun addımlar atmağa hazır olduğunu bildirib. “Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanı atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.

Bəs bu atəşkəs danışıqlar prosesinin bərpasına təkan verə bilərmi? Ukrayna və Rusiya bu il artıq bir neçə danışıqlar raundu keçiriblər. Tərəflər atəşkəs barədə razılığa gələ bilməyiblər, çünki Rusiya Donbasın təslim edilməsini istəyir, Kiyev isə bunu rədd edir.  “Reuters” agentliyinin isə öz mənbələrinə istinadən yaydığı məlumata görə, bugünlərdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-da Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib. Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir. Agentlik qeyd edir ki, səfər Rusiya neft tədarükünün yumşaldılması tədbirlərinin başa çatması ərəfəsində baş tutub (11 apreldə bitir - red.). Məlumata görə, bu məsələ Moskva ilə Vaşinqton arasında danışıqların gündəliyinə daxil edilə bilər. İstisna deyil ki, ABŞ Moskvanın təkliflərinə Ukrayna ilə danışıqların bərpası şərti ilə razılıq verə bilər.

Kiyev cəbhədə hərbi üstünlüyünü gücləndirməyə çalışır

Xatırladaq ki, bugünlərdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna nizamlaması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu və danışıqlar prosesinin başlanğıcından bəri Moskva ilə Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqelərinin xeyli yaxınlaşdığını bildirib. “Biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Əvvəlcə Rusiya və Ukraynanı münaqişəyə son qoymaq üçün heç olmasa nə istədiklərini ifadə etməyə inandıra bilmirdik. İndi buna nail olmuşuq. Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, zaman keçdikcə onların mövqeləri daha da yaxınlaşır”, - deyən Vensin sözlərinə görə, tərəflərin mövqeləri hələ tam uyğunlaşmasa da o, danışıqların perspektivinə nikbin baxır. Danışıqlar artıq “bu və digər istiqamətdə bir neçə kvadratkilometr ərazi ilə bağlı müzakirələrə” qədər irəliləyib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Moskvanın üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacağını bəyan edib.

Ukrayna Prezidenti Zelenski isə Kiyev və Moskva istisna olmaqla, Putinlə müxtəlif ölkələrdə görüş təklifi edib. Bununla belə Kiyev hesab edir ki, döyüş cəbhəsində hərbi üstünlüyün qazanılması danışıqlar prosesində də özünü göstərə bilər. Bu baxımdan, Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Kirill Budanov söyləyib ki, Rusiyanın neft terminallarına edilən hücumlar danışıqlar prosesinə təsir göstərir. Ukrayna növbəti danışıqlarda ruslardan çoxlu yeni fikirlər eşidəcək. “Rusiyaya hücumlar mütləq təsir göstərir. Bu, göz qabağındadır”, - deyə Budanov Rusiya neft terminallarına edilən zərbələrin danışıqlar prosesinə təsir edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib. O qeyd edib ki, bu zərbələr nəticəsində Rusiyanın mövqeyinin dəyişib-dəyişməməsi mübahisəli məsələdir: “Düşünürəm ki, Rusiya ilə növbəti danışıqlarda bir çox yeni şeylər eşidəcəyik. Hər halda, bu, mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirir və onu, necə deyərlər, zəif etmir”. Ukrayna rəsmisi deyib ki, Ukrayna qalib mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi etməlidir. Məqsədə çatmaq üçün istənilən vasitə haqlı və düzgündür.

N.BAYRAMLI

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr