AZ

Kürəkənin münaqişə həll etməsi – Cared Kuşner ölkə-ölkə gəzir

Adam həyata 1:0 öndə başlayıb: 1981-ci ildə dünyaya amerikalı daşınmaz əmlak inşaatçısı Çarlz Kuşnerin oğlu olaraq gəlib. İkinci qolu isə 2009-cu ildə özü vurub: gələcəkdə ABŞ-nin 45-ci və 47-ci prezidenti seçiləcək Donald Trampın qızı İvanka ilə evlənib.

İndi o, daşınmaz əmlak sahəsində ixtisaslaşmış Kuşner şirkətlərinin sahibidir, milyarderdir və dünyadakı ən qlobal konfliktlərin tənzimlənməsi prosesində iştirak edir – Qəzza münaqişəsinə dair müzakirələrdən çıxır, Rusiya-Ukrayna danışıqlarına gedir, oradan ayrılır, Qrenlandiya ilə maraqlanır. Hazırda isə o, ABŞ adminsrasiyası tərəfindən Pakistana göndərilmiş, İranla danışıqlar prosesində iştirak edən nümayəndə heyətinin 4 üzvündən biridir.

Onun adı Careddir, Cared Kuşner. 45 yaşı var. 26 yaşından etibarən Ağ Evdədir. Bundan əvvəl, 20 yanvar 2017-ci ildən 20 yanvar 2021-ci ilə qədər o, ABŞ-nin 45-ci prezidenti Donald Trampın baş məsləhətçisi olub. Əslində isə, deyilənə görə, Cared 2015-ci ildən bəri Trampın seçki kampaniyasının meneceri və etibarlı şəxsi vəzifəsində çalışıb.

Yəqin ki, məhz elədir. ABŞ boyda ölkəni ailə şirkəti və ya Şərq satraplıqlarından biri kimi idarə edən Tramp, əl-əlbət, yaxın çevrəsində ən yaxın, ən sadiq adamını işlətməliydi. Osmanlı sultanları baş vəzir vəzifəsinə əsasən bacılarının və ya qızlarının ərini təyin etdikləri kimi, Tramp da məhz elə etməliydi. Hazırda o, yenə də prezident qayınatasının müşaviridir.

Kuşnerlər təkcə prezident ailəsi ilə qohum olduqlarına görə yox, 1939-45-ci illərdə Avropada yaşayan və Holokostda (Hitlerin yeritdiyi yəhudi qırğını) məhv olmayan yəhudilərdən biri olaraq da şanslıdır. Caredin babası və nənəsi Belarusdan Macarıstana qaça bildikləri üçün, nasistlər tərəfindən öldürülmüş 6 milyon insanın içində olmayıblar, 1945-ci ildə Budapeştdə evləniblər və 1949-cu ildə ABŞ-yə köçüblər.

Caredin özü imkanlı ailədə doğulması səbəbindən yaxşı təhsil alıb, 2003-cü ildə Harvard Universitetini dövlət idarəçiliyi üzrə bakalavr dərəcəsi ilə bitirib. 2007-ci ildə Nyu-York Universitetini hüquqşünas ixtisasına da yiyələnib.

Caredin qanunçuluqla çoxsaylı problemləri olan qayınatası kimi, atası da 2004-cü ildə bir sıra ittihamlarla (vergidən yayınma da daxil olmaqla) həbs edilib və iki il həbs cəzasına məhkum edilib.

Kuşnerlər əvvəllər demokratlara yaxın olublar, partiyanın maliyyələşməsində iştirak ediblər, Trampla qohum olduqdan sonra isə respublikaçılara könül və ianə verməyə başlayıblar. Cared qayınatasının qızğın müdafiəçilərindəndir, ona toz qondurmur, Trampın media ilə qalmaqallarında birmənalı olaraq jurnalistləri qınayır.

Hazırda 35 yaşlı bu şəxs ölkəsinin ən məşhur, adı ən çox çəkilən 5 siyasi xadimindən biridir.

Onun kompanyonu da var: Stiv Uitkof. Onlar dünya münaqişələrini birlikdə həll edirlər.

Daha dəqiqi, Kuşner-Uitkof cütlüyünün hələ bir münaqişə həll etdiyi yoxdur, eləcə, ölkədən-ölkəyə gedir, saatlarla davam edən toplantılara qatılır, bir-birinə düşmən kəsilmiş tərəfləri dinləyir, Trampdan və onun analitiklər komandasından aldıqları təlimatlar əsasında tərəflərə yol göstərir, sonra isə hər hansı bir nəticəyə nail olmadan Vaşinqtona qayıdırlar.

Bir ara Cared Kuşner ABŞ-nin İsrail ilə münasibətlərinə nəzarət edib. Fələstin-İsrail münaqişəsinin həlli üçün "Əsrin müqaviləsi" layihəsinin hazırlanması prosesi onun kuratorluğu altında gedib. İsrail ilə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişləri” də Cared Kuşnerin birbaşa iştirakı ilə başa gəlib.

Bəlkə də o, zamanla Henri Kissincer və ya Zbiqnev Bjezinski kimi ölkəsinin siyasi həyatına böyük töhfələr verən diplomat, strateq olacaq, amma indilikdə Cared Kuşner Trampın əziz kürəkəni olaraq başını başlara qoşur.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin, Cared Kuşnerin və Stiv Uitkofun təmsil etdiyi nümayəndə heyətinin tərkibindəki ən ciddi adam Çarlz Bredford Kuperdir. O, ABŞ hərbi dəniz qüvvələrinin admiralıdır, 2025-ci ilin avqust ayından etibarən ABŞ Mərkəzi Komandanlığının komandanı vəzifəsində işləyir. 2026-cı ilin fevral ayında, regional münaqişənin kəskinləşməsi fonunda, ABŞ prezidentinə İrana qarşı mümkün hərbi əməliyyat variantlarını məhz admiral Kuper təqdim edib.

Başqa sözlə, admiral özünün körükləyib qızışdırdığı müharibəni danışıqlar yolu ilə həll etmək üçün hazırda Pakistandadır.

Görək, bu danışıqlarda münaqişənin optimal həlli yolu tapılacaqmı? İntuisiya “tapılmayacaq” variantına meyllidir.

Seçilən
22
musavat.com

1Mənbələr