Əgər Ayxan Abbasov o planşeti qırmasaydı… Sizi əmin edirəm, «Şamaxı» Zirədə böyük hesabla uduzacaqdı.
Baş məşqçi Dioqo Balaunun aldığı qırmızı vərəqəyə sərt reaksiyası ilə meydanda qalan 10 futbolçusunu qəflət yuxusundan ayıltdı. Şans da onların tərəfinə keçdi - «Zirə» penaltini vura bilmədi, son dəqiqələrdə isə bərabərlik qolu gəldi.
Hərdənbir belə lazımdır. Futbol adi oyun deyil, gözlər yalnız yaşıl sahəyə dikilməməlidir. Bunun texniki zonası, tribunası, publikası var. Hələ bir media…
Biz də arada belə hadisələrdən yazmalıyıq. Ayxan Abbasovun planşeti vurub sındırmasını təsadüfi sayanlar onu tanımayanlardır. O, hər addımını, hər sözünü bilən, ölçüb-biçən biridir. Ən gərgin anlarda belə, hislərinə hakim kəsilməyi bacarır. Kənardan hövsələsiz, çılğın görünməsinə baxmayın.
Abbasov motivatordur. Hər dəfə bunun üçün bir vasitə fikirləşir. Ən xırda ipucu belə kifayətdir ki, onunla futbolçusunun gözlərinə işıq versin, orada böyük bir çıraq yandırsın, tüklərini biz-biz etsin. Bəzən bir sözüylə, bəzən bir jestiylə komandanı oyuna elə kökləyir ki...
Açığı da, «Şamaxı»nın nə potensialı var ki? Ucuzvari, küçədə qalmış oyunçu topluğundan komanda düzəldən, iki ildir Premyer Liqada saxlayan, iddialıların ödünü ağzına gətirən Abbasova bu rayonda hələ heykəl qoymayıblar, üzüldüm.
KAMİL