Bir müddət əvvəl estetik əməliyyatlar etdirən qadınları tənqid etdiyi üçün sərt reaksiyalarla üzləşən Əməkdar artist Vasif Məhərrəmli yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, müğənni bu dəfə “Öz aramızda” verilişində estetik müdaxilələrə üz tutan qadınları kəskin ifadələrlə tənqid edib:
“İndi yeni bir tendensiya yaranıb. Yanaqlar sanki "yarım metr" şişirdilir, qəmzə hissələri "yarım metr" içəri çəkilir, dişlər də qəribə formaya salınır. Hamısı bir-birinə bənzəyir. Onlara "ağbəniz qorilla" demək olar. Yəni, insanlar özlərini bu hala salırlar”.
Əməkdar artist daha sonra estetik əməliyyatlara ümumilikdə qarşı olmadığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, problem əməliyyatın özündə deyil, ifrat və süni görünüşdədir:
“Plastik əməliyyatların, baxımlı və xoş görünüşün əleyhinə deyiləm. Əksinə, tərəfdarıyam. Amma bunu edərkən təbiiliyi qorumaq vacibdir. Məsələn, Türkiyənin məşhur müğənnisi Sibel Can üzündə müəyyən dəyişikliklər etsə də, dodaqlarına toxunmayıb və təbii görünüşünü saxlayıb. Mən məhz əcaibliyin əleyhinəyəm”.
Qeyd edək ki, Vasif Məhərrəmlinin bu fikirləri sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olub və ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Xalidə,
Musavat.com