AZ

KÜÇƏ İTLƏRİ YENƏ HƏDƏFDƏDİR Regionlarda icra hakimiyyətləri problemin həllini asan “yolunu” tapıblar

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Sosioloq Naib Niftəliyev: “Problemin həlli üçün kompleks dövlət proqramlarının hazırlanması vacibdir”

Son günlər müxtəlif bölgələrdə sahibsiz küçə itlərinə qarşı xoşagəlməz davranışların artdığı müşahidə olunur. Əgər əvvəllər əsas müzakirə mövzusu itlərin sayının artması və yaratdığı təhlükələr idisə, indi artıq tətbiq olunan üsulların özü ictimai narazılığa səbəb olub.

Söhbət bir sıra regionlarda məsələn, Mingəçevir, Ağstafa və digər bir sıra bölgələrdə yerli icra hakimiyyətləri əməkdaşlarının sahibsiz heyvanlara qarşı tətbiq etdiyi qəbulolunmaz üsuldan gedir. Belə ki, yayılan məlumatlara görə, müvafiq qurumlar bu cür heyvanları sığınacaqlara toplamaq, müalicə və sterilizasiya etmək əvəzinə, onların güllənərək məhv edilməsi üsuluna əl atırlar.

İcra hakimiyyətlərinin heyvanlara laqeydliyi səbəbindən mövcud sığınacaqlar belə ləğv edilir. Məsələn, Zaqatala rayonunda fəaliyyət göstərən və 400-dən çox itin saxlanıldığı sığınacaq da dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə “Naynuxana” adlı sığınacağın sahibi, heyvansevər Nizami Ramazanov özü mətbuata məlumat verib.

O bildirib ki, bura Azərbaycanın ən böyük heyvan sığınacaqlarından biri hesab olunur və hazırda ciddi problem yaşayır: “Sığınacağımız 5 ildir fəaliyyət göstərir. Sığınacaq ərazisi indiyədək illik 4000 manat (3 aydan bir 1000 manat) olmaqla icarəyə götürülüb. Bu müddət ərzində ərazidə geniş tikinti və abadlıq işləri aparılıb, heyvanların saxlanılması üçün şərait yaradılıb. Lakin torpaq sahəsinin sahibi ərazini satışa çıxarıb və qiyməti 120 000 manat olaraq müəyyən edib”.

Sığınacaq sahibi bu məbləği ödəmək imkanında olmadığını və buna görə də sığınacağın fəaliyyətini davam etdirməsinin sual altında olduğunu bildirib. İcra hakimiyyətinin isə sığınacaq üçün əlavə yer ayırmadığını bildirib.

Qeyd edək ki, Azərbaycanda sahibsiz itlərin yığılması və ümumilikdə küçə heyvanlarına nəzarət prosesi formal olaraq qanunvericiliklə tənzimlənir. “Heyvanlar aləmi haqqında” qanun və digər normativ aktlara əsasən, bu proses yalnız heyvanların tutulması ilə bitməməli, onların qeydiyyatı, müayinəsi, peyvənd olunması, sterilizasiya edilməsi və sığınacaqlara yerləşdirilməsi ilə davam etməlidir.

Ən vacib məqamlardan biri isə odur ki, heyvanların məhv edilməsi yalnız istisna hallarda – insan həyatı üçün real təhlükə olduqda nəzərdə tutulur. Bu işlərə cavabdeh qurumlar da kifayət qədər genişdir - yerli icra hakimiyyətləri, bələdiyyələr, baytarlıq xidmətləri və müəyyən hallarda qeyri-hökumət təşkilatları. Əslində bu qurumlar koordinasiyalı şəkildə çalışaraq həm insanların təhlükəsizliyini təmin etməli, həm də heyvanlara humanist münasibəti qorumalıdır. Praktikada isə bu mexanizm, xüsusilə regionlarda ümumiyyətlə işləmir.

Müasir dünyada küçə itləri probleminin həllində əsas yanaşma çox sadədir. İtlər tutulur, çoxalmasının qarşısı alınır, peyvənd edilir və sonra yenidən mühitə buraxılır. Bu yolla zamanla populyasiya təbii şəkildə azalır. Azərbaycanda da son illərdə bu model üzrə müəyyən layihələr həyata keçirilib. Xüsusilə paytaxtda və iri şəhərlərdə müəyyən nəticələr əldə olunub. Amma əsas problem yenə də regionlardadır. Bir çox rayonlarda nə sığınacaq var, nə də sistemli sterilizasiya proqramı. Bu isə yerli qurumları daha "asan" və "ucuz" həll yoluna – heyvanların məhv edilməsinə yönəldir.

Qeyri-rəsmi mənbələrin məlumatlarında və heyvan hüquqları fəallarının açıqlamalarında da bildirilir ki, Azərbaycanda son illər ərzində küçə itlərinin öldürülməsi geniş miqyas alıb. Ölkədə hər il təxminən 5000-dən 15000-ə qədər sahibsiz itin məhv edildiyi iddia olunur. Bu dinamika nəzərə alındıqda, son on il ərzində öldürülən küçə itlərinin sayının ümumilikdə 50000–100000 aralığında olduğu ehtimal edilir.

Sosioloq Naib Niftəliyev "AzPolitika"-ya şərhində bildirib ki, sahibsiz heyvanlarla bağlı məsələ cəmiyyət üçün hər zaman aktual olub və bu problemə yanaşmada əsas prioritet onların davranışının tənzimlənməsi, təhlükəsizliyinin təmin olunması və sanitar-gigiyenik baxımdan nəzarətdə saxlanılmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə ən effektiv üsullardan biri heyvanların tibbi yoxlamadan keçirilməsi və xüsusi mərkəzlərdə – kamplarda yerləşdirilməsidir: "Yalnız ictimai təhlükə yaradan, xəstə və aqressiv heyvanlara qarşı məcburi tədbirlər görülməsi müəyyən hallarda qaçılmaz sayıla bilər. Lakin heç bir əsaslı səbəb olmadan küçələrdə dolaşan və ya sadəcə say baxımından çox olan itlərin güllələnməsi, daşlanması və ya digər zorakı üsullarla məhv edilməsi nə etik, nə də sosial baxımdan qəbul edilə bilər. Bu cür yanaşma həm heyvan hüquqlarının pozulması, həm də cəmiyyət daxilində zorakılığın normallaşması kimi qiymətləndirilir".

Naib Niftəliyev bildirir ki, səbəbsiz şəkildə canlıların həyatına son qoymaq nə sosial risklərlə izah oluna bilər, nə də humanist prinsiplərlə uzlaşır: "Əsas diqqət önləyici tədbirlərə yönəldilməlidir. Bu tədbirlər sırasında heyvanların qorunması, xüsusi ərazilərdə saxlanılması, qida ilə təmin edilməsi və mərhələli şəkildə sahibləndirilməsi kimi addımlar mühüm yer tutur”.

Sosioloq xatırladır ki, itlər tarixən insanın ən yaxın dostlarından biri olub, evlərin qorunmasında və insanların gündəlik həyatında mühüm rol oynayıb. Bu baxımdan, onlara qarşı sərgilənən indiki münasibət hər zaman ədalətli hesab oluna bilməz.

Ekspert həmçinin qeyd edir ki, cəmiyyətdə heyvanlara münasibət birmənalı deyil:"Bəzi insanlar onlara qayğı ilə yanaşsa da, digərləri üçün bu məsələ ikinci planda qalır. Bununla yanaşı, o etiraf edir ki, yerli sakinlərin narahatlığı da müəyyən qədər başa düşüləndir. Çünki bəzi hallarda itlərin hücumu, dişləmə hadisələri və xəstəlik riski – xüsusilə quduzluq təhlükəsi – real problemlər yaradır. Lakin bu hallar əsasən nəzarətsizlik və antisanitar şəraitin nəticəsidir. Problemin həlli yalnız maarifləndirmə ilə məhdudlaşmamalıdır. Bununla yanaşı, sistemli və profilaktik tədbirlər həyata keçirilməlidir. İnsanlar heyvanlara münasibətdə yalnız qayğı göstərmək deyil, həm də müəyyən fayda aspektini görməlidirlər. Bu münasibət həyat tərzinə çevrildikcə, həm itlərə, həm də digər heyvanlara qarşı davranış müsbət istiqamətdə dəyişə bilər".

Sosioloq əlavə edir ki, müasir texnologiyalar və tibbi imkanlar heyvanların mərkəzləşdirilmiş şəkildə toplanmasına, müayinədən keçirilməsinə və sonradan təhlükəsiz şəkildə mühitə qaytarılmasına şərait yaradır:"Bu proseslə yanaşı, sanitariya tədbirləri də paralel şəkildə həyata keçirilməlidir. Belə yanaşma nəticəsində heyvanlar daha az təhlükə törədən, insanlara daha yaxın və uyğunlaşmış canlılara çevrilə bilər. Heyvanlar təbiətin ayrılmaz hissəsidir. İnsanla ən çox uyğunlaşa bilən canlılardan biri isə məhz itlərdir. Tarix boyu insanlara sadiq dost olmuş bu heyvanlara qarşı sərt və kütləvi məhv siyasəti düzgün yanaşma hesab edilə bilməz. Problemin həlli üçün kompleks dövlət proqramlarının hazırlanması vacibdir. Bu proqramlar çərçivəsində xüsusi mərkəzlərin yaradılması, peşəkar xidmətlərin təşkili, heyvanların sahibləndirilməsi və sterilizasiya tədbirlərinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunmalıdır".

Sonda sosioloq qeyd edir ki, təbiətə ağıllı müdaxilə və düzgün idarəetmə ilə bu problemin həlli mümkündür. Onun fikrincə, sistemli yanaşma tətbiq olunarsa, həm insanların təhlükəsizliyi təmin olunar, həm də heyvanların hüquqları qorunmuş olar.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində artıq sübut olunub ki, küçə heyvanlarını kütləvi şəkildə öldürmək problemi həll etmir. Əksinə, yəni məhv edilən heyvanların yerini qısa müddətdə yeniləri tutur və problem yenidən başlayır. Avropa ölkələri, eləcə də Türkiyə və Gürcüstan kimi yaxın regionlar bu sahədə daha sistemli yanaşma tətbiq edir. Bu ölkələrdə əsas diqqət sterilizasiya, peyvəndləmə və maarifləndirməyə yönəlib. Heyvanların öldürümək isə ağır cinayətlərdən biri hesab olunur.

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr