AZ

Seymur Səlimli: "RL-II" lisenziya növü klubların peşəkarlaşmasında mühüm rol oynayır" - MÜSAHİBƏ

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli "Far.Az"a müsahibə verib. Bir neçə gün əvvəl Region Liqası klublarının nümayəndələri ilə görüşən mütəxəssis lisenziyalaşdırma ilə bağlı yeniliklərdən danışıb. O, yeni qaydaların klubların idarəetmə, maliyyə və infrastruktur məsələlərində rolundan bəhs edib.

- Region Liqasının 1/4 finalına yüksələn klublar üçün lisenziyalaşdırma prosesində ən çox rast gəlinən çətinliklər hansılardır?

- Bildiyiniz kimi, İcraiyyə Komitəsinin 25.11.2025 tarixli qərarına əsasən II liqaya yüksələn klubların lisenziya prosesindən keçməsi icbari xarakter daşıyır. Klublar prosesdən keçəndən sonra çətinliklər barədə fikir bildirmək düzgün olardı. Ancaq demək olar ki, bəzi klublarda strukturlaşmış idarəetmə modelinin olmaması prosesə təsir göstərə bilər.

- "RL-II" lisenziya növünün tətbiqi Region Liqası klublarının gələcəkdə peşəkarlaşması baxımından hansı rolu oynayacaq?

- "RL-II" lisenziya növü Region Liqası klubları üçün peşəkar futbola keçid mərhələsində mühüm alət rolunu oynayır. Bu sistem klubların idarəetmə, maliyyə, infrastruktur və hüquqi baxımdan minimum standartlara uyğunlaşmasını təmin edir və onların daha yuxarı liqalarda iştirakı üçün hazırlıq səviyyəsini artırır.

- 2026/2027 mövsümü üçün müəyyən edilmiş lisenziya qaydalarında əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik varmı?

- Yeni mövsüm üçün ciddi dəyişikliklər nəzərdə tutulmayıb. Daha çox mövcud tələblərin təkmilləşdirilməsi və tətbiqi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Məqsəd prosesin daha şəffaf və effektli şəkildə icrasını təmin etməkdir.

-

Region Liqası klublarının maliyyə və infrastruktur baxımından tələblərə cavab vermələri üçün AFFA tərəfindən hansı dəstək mexanizmləri nəzərdə tutulub?

- AFFA tərəfindən klublara metodiki dəstək, maarifləndirici seminarlar, texniki təlimlər və məsləhət xidmətləri təqdim olunur.

- Lisenziya ala bilməyən klublar üçün növbəti addımlar necə tənzimlənəcək?

- Lisenziya ala bilməyən klublar üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırma qaydalarına uyğun olaraq apellyasiya prosedurları mövcuddur.

- Bu prosesin nəticəsi olaraq Region Liqasından neçə klubun növbəti mövsümdə II Liqaya yüksəlməsi mümkün görünür?

- Yüksəliş əldə edəcək klubların sayı yalnız idman nəticələri ilə deyil, eyni zamanda lisenziyalaşdırma tələblərinə tam cavab verilməsi ilə müəyyən olunur. Bu səbəbdən yekun say lisenziyalaşdırma prosesinin nəticələrindən asılı olacaq.

- Sənədlərin qəbulu və qeydiyyat prosesinin tam elektronlaşdırılması klubların işinə necə təsir edir?

- Qeydiyyat və sənəd qəbulu prosesinin elektronlaşdırılması, məsələn, KLS platformasının klubların istifadəsinə verilməsi, onlar üçün prosedurları əhəmiyyətli dərəcədə sadələşdirib. Bu yanaşma vaxt itkisini azaldır, şəffaflığı artırır və məlumatların operativ şəkildə emal olunmasına imkan yaradır.

Seçilən
16
1
far.az

2Mənbələr