AZ

WSJ: İran danışıqlara sərt xətt tərəfdarlarını göndərib...

Tehran nümayəndə heyətinə Qərbə qarşı ən sərt mövqeyi ilə tanınan fiqurları daxil edib, bu isə danışıqları çətinləşdirə, eyni zamanda mümkün razılaşmanı daha davamlı edə bilər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, İran nümayəndə heyətinə Qərblə münasibətlərdə xüsusilə sərt mövqeyi ilə tanınan rəsmilər daxil edilib. Bildirilir ki, bu şəxslərin danışıqlarda iştirakı prosesi mürəkkəbləşdirə bilər, lakin onların mümkün razılaşmaya dəstəyi sənədin Tehran daxilində daha möhkəm dayaqlara sahib olmasına səbəb ola bilər.

Məlumata görə, nümayəndə heyətinə İran parlamentinin praqmatik mühafizəkar spikeri Məhəmməd Baqir Qalibaf və ölkənin daha mülayim siyasətçi kimi tanınan xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir. Heyətdə həmçinin Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əli Əkbər Əhmədiyan da yer alır. O, ABŞ-yə təzyiq göstərmək üçün Hörmüz boğazının bağlanması qərarı da daxil olmaqla, İranın assimetrik taktikasını hazırlayan fiqurlardan biri hesab olunur.

Nümayəndə heyətində 2015-ci il nüvə sazişinin qatı əleyhdarlarının da təmsil olunduğu bildirilir. Onların arasında İranın təhlükəsizlik strukturlarında yüksək mövqedə olan Əli Baqiri Kəni, eləcə də nüvə danışıqlarının bərpası cəhdlərinə əvvəllər mane olmağa çalışan deputat Mahmud Nəbəviyan var.

Danışıqlarda iştirak edən fiqurlardan biri də 2021-ci ildə İranı uranın zənginləşdirilməsini artırmağa və beynəlxalq yoxlamalardan imtina etməyə məcbur edən qanunun təşəbbüskarlarından olmuş Əbülfəzl Əmuyi sayılır. Bu isə nümayəndə heyətinin tərkibinin təsadüfi deyil, məhz siyasi mesaj vermək məqsədi ilə formalaşdırıldığını göstərir.

Nəşr vurğulayır ki, Tehran bu heyətlə bir tərəfdən Vaşinqtona qarşı sərt mövqe nümayiş etdirməyə, digər tərəfdən isə mümkün razılaşmanı ölkə daxilində daha geniş siyasi düşərgəyə qəbul etdirməyə çalışır. Bu baxımdan, sərt xətt tərəfdarlarının danışıqlarda iştirakı ilk baxışda kompromisi çətinləşdirsə də, əldə olunacaq istənilən anlaşmanın İran daxilində daha dayanıqlı olmasına xidmət edə bilər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr