AZ

Tədqiqat: Gözlərimiz əslində başımızın təpəsindəki tək bir göz olub

İnsanlar da daxil olmaqla onurğalı heyvanların gözləri, təxminən 600 milyon il əvvəl başlayan mürəkkəb təkamül nəticəsində formalaşıb. Bu qənaətə onlarla heyvan qrupunun görmə orqanlarının inkişafını öyrənən tədqiqatçılar gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Alimlər uzun müddətdir ki, onurğalıların gözlərinin hüceyrə quruluşu və inkişafına görə onurğasızların gözlərindən prinsipial olaraq fərqləndiyini bilirdilər. Lakin bu fərqlərin səbəbləri aydın deyildi.

Yeni tədqiqatın müəllifləri 36 böyük heyvan qrupunu təhlil edərək bir qanunauyğunluq aşkar ediblər: işığa həssas hüceyrələr onlarda iki yerdə yerləşir – başın yan tərəflərində və beynin üstündə, mərkəzdə. Yan strukturlar hərəkətə və oriyentasiyaya, mərkəzi isə gündüz və gecəni qavramağa və fəzada mövqeyi müəyyənləşdirməyə cavabdehdir.

Bu məlumatlar əsasında alimlər görmənin təkamülünü rekonstruksiya ediblər. Onların fikrincə, bütün iki tərəfli simmetrik heyvanların ümumi əcdadı – qurdabənzər bir canlı – əslində hər iki növ işığa həssas struktura malik idi.

Təxminən 600 milyon il əvvəl bu orqanizm dəniz dibinə girərək hərəkətsiz həyat tərzinə keçib. Belə şəraitdə "naviqasiya" üçün nəzərdə tutulmuş cüt gözlər faydasız olub və yox olub. Lakin mərkəzi işığa həssas hüceyrələr vaxt və fəzada oriyentasiyaya kömək etməklə vacib funksiyanı yerinə yetirməyə davam etdiyi üçün qalıb.

Sonralar, əcdad yenidən aktiv hərəkət etməyə başlayanda, görməyə ehtiyac yaranıb. O zaman təkamül mərkəzi gözü "yenidən qurdu": onun yan tərəflərində çuxurlar əmələ gəlib ki, bunlar zamanla ayrılaraq müasir onurğalıların gözləri kimi yeni cüt gözlərə çevriliblər.

Bu proses 540 milyondan 600 milyon il arasındakı əvvəlki dövrdə baş verib.

Qədim quruluşun qalıqları beynimizdə epifiz vəzi formasında qalıb – bu, yuxu hormonu melatoninin istehsalını tənzimləyən orqandır. Bir çox heyvanda o, hələ də işığı qəbul etmək qabiliyyətinə malikdir, lakin məməlilərdə bu funksiya itirilmişdir və tamamilə gözlər tərəfindən yerinə yetirilir.

Bununla belə, "görmə qabiliyyətinin itirilməsi" mərhələsindən keçməmiş onurğasız heyvanlarda ilkin işıq həssas sistem növləri qorunub saxlanılmışdır. Bu, müasir növlərdə gözlərin müxtəlifliyini izah edir – həşəratlardakı faset gözlərdən tutmuş, ahtapot və ilbizlərdəki kamera tipli gözlərə qədər.

Elmi tədqiqatın müəllifləri həmçinin göstərmişlər ki, onurğalıların gözünün tor qişasının mürəkkəbliyi indiyə qədər düşünüləndən çox əvvəl yaranmış ola bilər. Bu o deməkdir ki, görmənin bir çox neyron mexanizmi təkamül zamanı daha sonra yaranmaq əvəzinə, hələ qədim əcdadda formalaşmışdır.

Tədqiqatçıların fikrincə, gözlərin təkamülü beynin inkişafı ilə sıx bağlıdır: cüt gözlərin yaranması mürəkkəb davranışın və idrak funksiyalarının formalaşmasına imkan verən əsas mərhələ olmuşdur.

Almaz Həsənli

Seçilən
35
1
oxumeni.az

2Mənbələr