AZ

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...

Tanıdığı şəxslərin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclas zərərçəkən Fərrux Ələkbərovun ifadəsi ilə davam edib.

Zərərçəkən ifadəsi zamanı bildirib ki, Zamiq Xankişiyev tikinti işləri ilə bağlı ona dəymiş zərəri tam ödəyib və bu səbəbdən ondan şikayətçi deyil.

Buna münasibət bildirən iş üzrə əsas zərərçəkən Pərviz Səlimov isə qeyd edib:

"Mən Fərruxu tanımırdım. Cinayət işinin ibtidai istintaqı zamanı Zamiq Xankişiyev iddia edirdi ki, Fərruxu mənim vasitəmlə şikayətçi kimi cəlb ediblər. Halbuki, onların arasındakı borc avtomobil məsələsi ilə bağlı olub. İndi isə söhbət hər hansı avtomobildən deyil, görülən beton işləri ilə bağlı yaranmış borcun ödənilməsindən gedir".

Pərviz Səlimov daha sonra bildirib ki, istintaq materiallarında Zamiq Xankişiyevin ona yarım milyondan çox ziyan vurduğu qeyd olunsa da, ümumi məbləğ bundan daha çoxdur. O, bununla bağlı bütün sənədləri məhkəməyə təqdim etməyə hazır olduğunu deyərək, təqsirləndiriləni yalan danışmaqda ittiham edib.

Zərərçəkən onu da vurğulayıb ki, ibtidai istintaq zamanı ortaya çıxarılmış bir çox sübutlar iş materiallarına əlavə edilməyib. Pərviz Səlimovun iddiasına görə, Zamiq Xankişiyevin daha bir neçə nəfərə də külli miqdarda borcu var.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

İttihama görə, Zamiq Xankişiyev özünü geniş əlaqələrə malik işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib və onların təxminən 1 milyon manat pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə məsuliyyətə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Xankişiyevdən ən çox zərər görən onun tanışı olan iş adamı P.Səlimovdur.

O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manat pulunu ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs digər bir vətəndaşa 180 min manat ziyan vurmaqda da təqsirləndirilir.

Fərrux Ələkbərova isə KIA markalı avtomobili satmaq adı ilə təxminən 6 000 manat pulunun mənimsənildiyi bildirilir.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayılıb.

Təqsirləndirilən şəxs vaxtilə "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı səbəbindən vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.

Bununla yanaşı, Zamiq Xankişiyevin qayınatası Şahin İbadov AAYDA-nın sabiq sədri Saleh Məmmədovun müşaviri olub.

Müttəhim, həmçinin bahalı avtomobil kolleksiyasına malik şəxs kimi də tanınıb.

Seçilən
0
10
bakivaxti.az

10Mənbələr