AZ

Bir müharibə bitdi, digəri şiddətlənir

Dörd ildən artıqdır ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir.

Belə demək olar ki, bu müharibə beşinci ilinə qədəm qoyub. Rusiya Ukraynanın cənub-şərq ərazilərinin böyük hissəsini işğal etsə də, Donbasın işğalını tam başa çatdıra bilməyib. Rus ordusunun hərbi əməliyyatlarının əksəriyyəti, demək olar ki, uğursuzluğa düçar olub və ağır döyüşlərdə ciddi itkilər verməkdədir. Ukrayna ordusu da itkilər versə də, Rusiyaya qarşı müqaviməti davam etdirir, belə ki, bir sıra ərazilərin işğaldan azad edilməsinə nail olub. 

Maraqlıdır, qlobal dünyada cərəyan edən gərgin proseslər fonunda Rusiya-Ukrayna müharibəsi nə zamana qədər davam edəcək? Ukraynada müharibə hansı nəticə ilə yekunlaşa bilər, xüsusilə də bu müharibədə kimin qalib olması real görünür? 

ABŞ müharibənin davam etməsində maraqlı görünmür. Artıq Avropa ölkələrində Ukraynada müharibənin davam etməsinin onların ziyanına olması ilə bağlı fikirlər səsləndirilir.

Avropanın da Ukraynaya yardımı dayandırması ehtimalı var? Ukrayna yalnız qalacağı təqdirdə güzəştə getməyə məcbur olacaq? 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Ukraynada müharibənin bitməsi və daimi atəşkəsin təmin olunması üçün bir sıra məsələlər öz həllini tapmalıdır: 

“Ukraynada müharibənin nə zamana başa çatacağını indidən proqnozlaşdırmaq o qədər də asan deyil. Müharibənin sona çatması üçün ilk növbədə münaqişə tərəfləri razılığa gəlməlidirlər. Eyni zamanda, tərəflərin ortaq mövqeyə gəlməsi ilə bərabər böyük güclər də münaqişənin bitməsində maraqlı olmalıdırlar. ABŞ və Çin bu müharibənin tez bir zamanda başa çatmasında maraqlı olarsa, tərəflərə ciddi təzyiq göstərərlərsə və nisbi ədalətli yanaşma tətbiq olunarsa, bu müharibənin dayanması mümkündür. Hazırkı şəraitdə Moskva tərəfindən irəli sürülən şərtlər Ukrayna tərəfindən qəbul olunmur.

Ukraynanın şərtləri də Rusiya tərəfindən qəbul olunmur. Bu səbəbdən müharibə uzanmaqdadır. Münaqişənin həll prosesində vasitəçilik edən ABŞ-nin özü də Yaxın Şərqdəki müharibə bataqlığına qərq olub. Digər tərəfdən ABŞ-nin Ukraynadakı münaqişənin həllinə yönələn yanaşmasını da ədalətli hesab etmək olmaz. Bu müharibənin nə zamana qədər davam edəcəyi və müharibədə kimin qalib çıxacağı barədə fikir söyləmək çətindir”. 

Ekspert onu da qeyd edib ki, Rusiya Ukraynanın 20 % ərazisini işğal edib:

“Moskva bunu özü üçün qələbə hesab edir. Amma nəzərə alaq ki, bu müharibə başlayanda Rusiyanın planı fərqli idi. Moskva bütün Ukraynanı nəzarət altına almaq və bu ölkədə oyuncaq rejim qurmaq məqsədi güdürdü. Amma Kremlin planları baş tutmadı. Bu mənada Rusiya mütləq qalib sayıla bilməz. Ukrayna tərəfi müqaviməti davam etdirmək potensialını özündə saxlayır”. 

Politoloq Avropanın Ukraynaya hərbi-maliyyə yardımını dayandırmasını qeyri-real hesab edib:

“Bu, olduqca zəif bir ehtimaldır. Avropanın özü ABŞ -nin təhlükəsizlik çətirindən böyük ölçüdə məhrum olduğundan, ABŞ-nin NATO-dakı müttəfiqləri ilə münasibətlərində ciddi problemlər yaşandığından, Avropa ölkələri öz təhlükəsizliyini özləri təmin etmək məcburiyyətindədirlər. Bu məsələdə Ukraynaya lazımi səviyyədə dəstəyin göstərilməsi ilkin və vacib prioritet hesab olunur.

Bu gün Ukraynada güclü bir ordu, xüsusilə də dron və raket hücumlarına qarşı dayanıqlı müdafiə sistemləri yaradılıb. Bu müdafiə sistemləri yüksək səviyyədə fəaliyyət göstərir. Avropa ölkələri Ukraynanı özlərinin təhlükəsizliyində təminatçı rolunda çıxış edən ölkə kimi görürlər. Ukraynanın müdafiəsi Avropanın müdafiəsi kimi qiymətləndirilir. Bu baxımdan Avropa Ukraynaya hərbi-maliyyə yardımını davam etdirəcək”. 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr