Genuya İtaliyanın şimal-qərbindəki böyük liman şəhəri və Liquriya bölgəsinin paytaxtıdır. Şəhər çoxsaylı tarixi abidələrə və memarlıq incilərinə malikdir və onların çoxu UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Vaxtilə İtaliyanın qüdrətli dəniz paytaxtı kimi tanınıb. Amma şəhəri daha çox tanıdan məşhur dəniz səyyahı Xristofor Kolumbun və bəstəkar Nikkolo Paqaninin vətəni olmasıdır.

Şəhərin dəmir yolu vağzalından çıxan hər kəsi Kolumbun möhtəşəm ağ mərmər abidəsi qarşılayır. Şəhərin adını dünyaya tanıdan dəniz səyyahının ev-muzeyinin yolunu isə böyükdən-kiçiyə hamı tanıyır. Yerli əhalinin Kolumbun evinə xüsusi bir münasibəti var. Onu da qeyd edək ki, İtaliya və İspaniyada altı şəhər Kolumbun doğulduğu yer olmaq şərəfi uğrunda yarışır.