AZ

Areq Koçinyan: Üç Cənubi Qafqaz respublikası liderlərinin iştirakı ilə konsultativ sammitin keçirilməsi üçün zəmin hazırlamaq vacibdir

Qəbələ, 11 aprel, AZƏRTAC

Şübhəsiz ki, uzunmüddətli perspektivdə heç nə istisna edilməməlidir. Amma praktik olaraq, keçən il Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirildi. Biz, ekspertlər səviyyəsində, bu tədbirdən ruhlandıq, çünki uzun müddətdir ki, belə bir formatın zəruri olduğunu iddia edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, üçtərəfli formatda iş təkcə yuxarıda qeyd olunan mövzular üzrə lazım deyil.

“Məsləhətləşmələrin ən azı vacib olduğu bir çox sahə var - xarici siyasət, təhlükəsizlik məsələləri, nəqliyyat, logistika, iqtisadiyyat və daha bir çox istiqamət. Bunlar ölkələrimizin - Ermənistan, Azərbaycan və Gürcüstanın - birlikdə müzakirə edə biləcəyi və müzakirə etməli olduğu sahələrdir. “Yaşıl gündəm” və sair kimi daha konkret mövzulara keçməzdən əvvəl sistemli məsləhətləşmələrdən başlamalıyıq. Belə qarşılıqlı əlaqənin nümunəsi artıq mövcuddur və mən düşünürəm ki, onu genişləndirmək lazımdır. Üç Cənubi Qafqaz respublikası liderlərinin iştirakı ilə yüksək səviyyəli konsultativ sammitinin keçirilməsi üçün zəmin hazırlamaq vacibdir”, - deyə o, mətbuat konfransı iştirakçılarının diqqətinə çatdırıb.

Müxbir – Leyla Muradzadə
Foto – Tofiq Babayev
Video – Mir Rəsul Cəfərov
Seçilən
27
1
azertag.az

2Mənbələr