Bu gün Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşmasında “Borussiya Dortmund” öz meydanında “Bayer Leverkuzen” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlar minimal hesabla qalib gəliblər – 0:1. Qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə leverkuzenlilərin yarımmüdafiəçisi Robert Andrix vurub.
Eyni hesabla “Leyptsiq” doğma divarlar arasında “Borussiya Mönxenqladbax”ı məğlub edib – 1:0. “Haydenhaym” öz meydanında paytaxt təmsilçisi “Union Berlin”ə (4:1) “Ayntraxt Frankfurt” isə səfərdə “Volfsburq”a (2:1) qalib gəlib.
Günün sonuncu görüşündə “Bavariya” səfərdə “St Pauli” ilə üz-üzə gələcək.
Bundesliqanın 29-cu turuna bazar günü oynanılacaq “Köln” – “Verder Bremen”, “Ştutqart” – “Hamburq” və “Maynts” – “Frayburq” qarşılaşmaları ilə yekun vurulacaq. Turun ötən gün oynanılan açılış matçı – “Auqsburq” - “Hoffenhaym” oyunu heç-heçə başa çatıb – 2:2.
Elvin Mövsüm