Qarabağlıların baş məşqçisi Ramil Hüseynov “Report”a açıqlamasında səbəbi belə izah edib:
“Əslində oyuna getmişdik, hamımız “Olimpik Star”daydıq. Sadəcə, meydana çıxmadıq. Çünki oyuna qədər maaşların veriləcəyi bildirilmişdi, amma olmadı. Biz də etirazımızı belə bildirdik. İndi məşqlərə qayıtmışıq, ümid edirik ki, yaxın günlərdə vədlər yerinə yetiriləcək. Ödənişlər olmasa, yenə oynamayacağıq. Üç aya yaxın idi məvacib ala bilmirdik, komanda buna etiraz olaraq meydana çıxmamışdı. Əlimizdən gələn budu”.
Ramil bəy bu sözlərin davamında “Şuşa” adını uca tutmaq istədiklərini bildirir ki, necə deyərlər, dananın quyruğu bu yerdə qopur. Təsəvvür edin, Şuşanı təmsil edən futzalçılar idman zalına gəlir, amma oyuna çıxmır. Niyə? Pula görə. Bəli, Ramil bəy həm də həmin oyunçuların ailəli-uşaqlı olduğunu dilə gətirir. Lap yaxşı, bəs, Şuşanı işğaldan azad etmək uğrunda canını fəda edən şəhidlərin, sağlamlığını itirən qazilərin ailəsi, sevdikləri yox idi? Təbii ki, var idi! Ancaq onlar sıldırım qayalara dırmaşarkən, düşmənlə əliyalın, əlisilahlı, diş-dişə vuruşarkən pulu, ailəni düşünmürdü.
Kəsəsi, “Şuşa” adını təmsil etməyin məsuliyyəti daha böyükdü. Burda pul önə çıxa bilməz! Belədə futboldakı “Qarabağ” nümunəsini xatırlatmaq yerinə düşür. Ancaq federasiyanı da qınamasaq, olmaz. Ona görə ki, Ramil bəy həm də qurumun söz versə də, pulları vaxtında ödəmədiyini deyir.
Siz Allah, Şuşa adının belə biabırçı şəkildə hallanmasına imkan verməyin, bu addan sui-istifadə etməyin. Şuşa məsxərə obyekti ola bilməyəcək qədər ucadı!
KƏNAN BAHADIR